2015-07-01
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak etmişdir

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 29 iyun 2015-ci il tarixində Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşündə iştirak edib.

Görüşdə iştirakçılar Şərq Tərəfdaşlığının Riqa Zirvə toplantısından sonra Avropa İttifaqı (Aİ) ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri haqqında müzakirə aparıblar.

Bu xüsusda nazir müavini M.Məmməd-Quliyev Azərbaycan Respublikası və Aİ arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat bağlantılarının yaradılması və ticarət əlaqələrinin inkişaf etdirilməsi imkanlarına toxunub. O, həmçinin Azərbaycan Respublikasında yaxşı idarəçilik, o cümlədən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə ASAN xidmətin səmərəli fəaliyyətini qeyd edib.

Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.

M.Məmməd-Quliyev qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından Azərbaycanın Aİ ilə gələcək münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Qeyd olunmalıdır ki, xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşləri növbəlilik əsasında Şərq Tərəfdaşlığı ölkələrinin paytaxtlarında təşkil olunur və məqsəd tərəfdaş ölkələr və Aİ arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Bundan öncəki qeyri-rəsmi dialoq görüşü 9 sentyabr 2014-cü il tarixində Bakı şəhərində keçirilib. 

növbəti xəbər əvvəlki xəbər