2015-06-29
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Lixtenşteyn knyazlığının Parlamentinin sədri Albert Frik ilə görüşüb

Nazir Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək, Azərbaycan ilə Lixtenşteyn arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli zəminin olduğunu nəzərə çatdırdı.

Albert Frik Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkilinə və möhtəşəm açılış və bağlanış mərasimlərinə görə Azərbaycanı təbrik etdi. Avropa Oyunlarının bütün iştirakçılarına, o cümlədən Lixtenşteyndən olan idmançılara yaradılmış yüksək şəraitə görə təşəkkürünü ifadə edən Albert Frik Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi olduğunu nəzərə çatdırdı.

Elmar Məmmədyarov Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə hər bir Azərbaycan vətəndaşının qürur hissi duyduğunu qeyd edərək, Avropa Oyunları standartlarının Azərbaycanda müəyyən olunduğunu dedi.

Azərbaycanın enerji siyasəti və nəqliyyat, turizm, kənd-təsərrüfatı kimi qeyri-neft sektorlarının inkişafı barədə məlumat verən Nazir Elmar Məmmədyarov iki ölkənin işgüzar dairələri arasında biznes forumlarının keçirilməsi və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Görüş əsnasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə haqqında danışan Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha təsbit olunduğunu və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu diqqətə çatdırdı. O əlavə etdi ki, məhz Ermənistanın yürütdüyü təcavüzkar və işğalçı siyasət nəticəsində region üçün təhdid olan münaqişənin həllində irəliləyişə nail olunmur.   

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

 

növbəti xəbər əvvəlki xəbər