2015-05-25
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin tarixi köklərə əsaslandığını və əlaqələrin inkişafından məmnunluğunu bildirərək, iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini qeyd etdi.

Elmar Məmmədyarov iki ölkənin hökumətləri, Təhlükəsizlik Şurası və qanunverici orqanları arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Bu xüsusda, Xarici İşlər Nazirlikləri arasında olan məsləhətləşmələr və dialoq mexanizminin münasibətlərin möhkəmləndirilməsində rolundan danışıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, hazırkı status-kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu və münaqişənin həll edilməsinin labüdlüyünü qeyd etdi. Nazir həmçinin, Ermənistan tərəfindən girov götürülmüş mülki soydaşlarımızın Ermənistan tərəfindən dərhal azad edilməsinin vacibliyini diqqətə çatdırdı.

Serqey Lavrov 19 may tarixində Bakıda baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi. İki ölkə arasında münasibətlərin əməkdaşlıq sahələrinin müxtəlif istiqamətlərində inkişafından danışan Serqey Lavrov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbirdə iştirakının yüksək qiymətləndirildiyini vurğuladı..

Görüşdə ikitərəfli əsasda gündəmdə olan məsələlər, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, kənd-təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq üzrə müzakirələr aparıldı.

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyi qeyd olundu.

Sonda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında 2015-2016-ci illər üzrə Məsləhətləşmələr Planı imzalandı.

Görüşdən sonra xarici işlər nazirlərinin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.  


 


növbəti xəbər əvvəlki xəbər