2012-02-24
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Kosulluğundan verilən məlumata əsasən, cari ilin 23 fevral tarixində Baş Konsulluq tərəfindən Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir, 24 fevral 2012-ci il

Anım mərasimində Acarıstan Muxtar Respublikası Ali Məclisinin Sədri  Mixail Maxaradze, Təhsil, mədəniyyət və idman naziri Giya Abuladze və nazir müavini Aida Abuseridze, Maliyyə və iqtisadiyyat nazirinin müavini Ramaz Bolkvadze, Acarıstan Muxtar Respublikası parlamentinin deputatları, muxtar respublika Hökuməti aparatının məsul əməkdaşları, Batumidə akkreditə olunmuş diplomatik missiyaların başçıları, Acarıstanın rayonlarının qubernatorları, “Acariya” qəzetinin baş redaktoru Georgiy Gorgiladze, Azərbaycan icmasının nümayəndələri və Acarıstan Muxtar Respublikasının ziyalıları iştirak etmişlər.

Mərasimdə çıxış edən Baş konsul Hüseyn Nəcəfov iştirakçılara Xocalı soyqırımının ağır nəticələri barədə məlumat vermiş, bu gün Azərbaycanın erməni millətçilərinin bütün tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər, o cümlədən, Xocalı faciəsi və bu hadisənin soyqırım kimi tanınması istiqamətində həqiqətlərin dünya ictimaiyyətinə doğru və düzgün çatdırılmasından ötrü məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirdiyini qeyd etmişdir.

Baş Konsul Хоcalı soyqırımının özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra aldığını bildirmiş və yalnız bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlərin görülməyə başladığını, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamentinin fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edildiyini qeyd etmişdir.

H.Nəcəfov həmçinin bildirmişdir ki, 2008-ci il mayın 8-də İslam Konfransı Təşkilatının dialoq və əməkdaşlıq, mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” («Justice for Khodjaly») beynəlxalq təşviqat kampaniyasına start verilmişdir. Ötən müddət ərzində “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın 60-a yaxın ölkəsində müxtəlif tədbirlər həyata keçirilmişdir. O cümlədən 2011-ci il fevralın 24-də Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən Batumi şəhərində “Xocalıya ədalət” kampaniyası çərçivəsində «Justice for Khodjaly» saytının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin prezidenti Vidadi Axundov Xocalı soyqırımını törədən erməni faşistlərini kəskin tənqid etmişdir.

Batumi Dövlət Universitetinin professoru, elmlər doktoru Rostom Guntaşvili Xocalı soyqırımına həsr olunmuş “Xocalıya ədalət” («Justice for Khodjaly») saytının məqsədləri və fəaliyyəti barədə danışmışdır. O, 20 il əvvəl baş vermiş faciəyə hüquqi qiymətin verilməsinin tərəfdarı olduğunu  bildirmiş və həmin hadisəni dinc əhalidən qisas almaq kimi xarakterizə edərək, azərbaycan xalqının etnik mənsubiyyətə görə soyqırımı adlandırmışdır. R.Guntaşvili habelə tədbir iştirakçılarını dünya ictimaiyyətini Xocalı soyqırımına qiymət verməyə çağıran müraciətə səs verməyə dəvət etmişdir.

Acarıstandakı Gürcüstan-Azərbaycan mədəniyyət-maarif mərkəzinin Baş katibi Leyla Cqarkava öz çıxışında Xocalıda dinc sakinlərə qarşı törədilən, insanlıqla bir araya sığmayan aksiyanı pisləyərək, belə ağır faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı vermişdir.

Anım mərasimində həmçinin amerikalı rep-ifaçı Toni Blekmen və “Dəyirman” qrupunun ifasında “Xocalıya ədalət” («Justice for Khodjaly») musiqi klipi, eləcə də “1news.az” informasiya agentliyi tərəfindən lentə alınmış “Xocalı naləsi bizim ürəklərimizdə vurur” adlı sənədli filmi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Dua” sənədli filmi nümayiş etdirilmişdir.

Tədbirin sonunda iştirakçılara press-reliz, “Xocalıya ədalət” musiqi klipinin CD-si, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunmuşdur. Mərasimdə Xocalı faciəsinin miqyası barədə əyani şəkildə danışan foto-sərgi də təşkil edilmişdir.

Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Mərasim və Baş Konsulun müsahibəsi “İmedi”, “Acariya TV” və “TV–25” kanalları tərəfindən işıqlandırılmışdır.

 

Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail:
press-service@mfa.gov.az
www.twitter.com/AzerbaijanMFA
www.youtube.com/MFAAzerbaijan

növbəti xəbər əvvəlki xəbər