2015-02-19
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Prezidenti cənab Giorgi Marqvelaşvili ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 19-20 fevral 2015-ci il tarixində Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Prezidenti cənab Giorgi Marqvelaşvili ilə görüşüb.

Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə çatdırdı.
 
Prezident Giorgi Marqvelaşvili səmimi salamlarının və ən xoş arzularının
 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.
 
Prezident Giorgi Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. İkitərəfli formatda olduğu kimi ölkələrimizin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğuladı. 
 
Elmar Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirdi.
 
Bakı-Tbilisi-Qars dəmir-yol layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən Elmar Məmmədyarov bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırdı.
 
O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd etdi.
 
Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olundu.
növbəti xəbər əvvəlki xəbər