2015-02-19
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 19-20 fevral 2015-ci il tarixində Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Görüş zamanı Baş nazir İrakli Qaribaşvili iki ölkə arasında mövcud olan möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı inkişafından məmnunluğunu bildirib. Baş nazir həmçinin regional əməkdaşlıq sahəsində Azərbaycan və Gürcüstan arasında münasibətlərin nümunəvi xarakter daşıdığını qeyd etdi.
 
Xarici işlər naziri Elmar Məmmədyarov strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin iki dövlətin maraqlarına xidmət etdiyini bildirərək, həyata keçirilən enerji və nəqliyyat layihələrinin ölkələrimizin və regionun rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. 
 
Baş nazir İrakli Qaribaşvili reallaşmış enerji və nəqliyyat layihələrində olduğu kimi, TANAP və TAP layihələrində də Gürcüstanın etibarlı tərəfdaş olduğunu diqqətə çatdırdı. 
 
Görüşdə Azərbaycan və Gürcüstanının qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulandı. 
 
Elmar Məmmədyarov iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Baş nazir İrakli Qaribaşvilini dəvət etdi. 
 
Baş nazir İrakli Qaribaşvili böyük məmnuniyyətlə dəvəti qəbul etdiyini bildirdi.  
növbəti xəbər əvvəlki xəbər