2015-02-19
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 19-20 fevral 2015-ci il tarixində Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etməsi məmnunluqla qeyd olundu.
 
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlar olduğunu qeyd edərək, bu əməkdaşlığın hər iki ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.  
 
Elmar Məmmədyarov Bakı-Tbilis-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin Azərbaycan və Gürcüstan ilə bərabər regionun inkişafı üçün zəmin yaratdığını bildirdi.  O, Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə Ermənistanın bu layihələrdə iştirakdan kənar qaldığını və regional əməkdaşlıqdan bəhrələnə bilmədiyini qey etdi.
 
Tamar Beruçaşvili bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycan və Gürcüstan arasında olan əməkdaşlığın strateji xarakter daşıdığını bildirdi. İrimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində iki ölkə arasında olan əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini deyən Tamar Berçaşvili bu layihələrin Azərbaycan və Gürcüstanın və regionun inkişafı üçün vacib olduğunu bildirdi.
 
Görüşdə Azərbaycan və Gürcüstanın bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədkləri vurğulandı.
 
Görüşdən sonra nazirlər tərəfindən birgə mətbuat konfransı keçirilib. 
 
 
növbəti xəbər əvvəlki xəbər