2015-02-16
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.
 
Xarici işlər naziri Elmar Məmmədyarov atəşkəsin pozulması hallarından danışarkən ilk növbədə, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğuladı.
 
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının münaqişənin həlli və etimadın yaradılmasında irəliyə doğru mühüm addım olacağını qeyd edən xarici işlər naziri Elmar Məmmədyarov sülh sazişinin layihəsi üzərində ciddi danışıqlara başlamağın zəruri olduğunu vurğulayaraq, Azərbaycanın buna hazırlığını ifadə etdi.
 
Görüşdə həmsədrlərlə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olundu.
 
növbəti xəbər əvvəlki xəbər