2015-01-26
Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiyanın Baş Naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində  Slovakiyanın  Baş Naziri cənab Robert Fico ilə görüşüb.

Görüşdə Baş nazir Robert Fico iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə etdi. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırdı. 
 
Azərbaycanın bu ilin 12-28 iyun tarixlərində ilk Avropa oyunlarına ev sahibliyi edəcəyinə sevindiklərini deyən Robert Fico ölkəsinin bu idman yarışında iştirakına böyük əhəmiyyət verdiyini və Slovakiyanın 100-dən artıq idmançı ilə Avropa oyunlarında iştirak edəcəyini bildirdi. 
 
O, Azərbaycanın Avropanın enerji təminatında mühüm rol oynadığını qeyd etdi. 
 
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında iqtisadi-ticarət, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli imkanların olduğunu qeyd etdi və biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasının və biznes forumlarının keçirilməsinin vacibliyini vurğuladı. 
 
Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən Nazir Elmar Məmmədyarov bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi. 
 
Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 
növbəti xəbər əvvəlki xəbər