2015-01-19
Nazir Elmar Məmmədyarov Yaponiyanın xarici işlər nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nazir Elmar Məmmədyarov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdıraraq, ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası əməkdaşlıq komissiyasının fəaliyyətinin və qarşılıqlı səfərlərin vacibliyini qeyd etdi.
 
Minoru Kiuçi Azərbaycanın regionda sülh və sabitliyə, enerji təhlükəsizliyinə və radikalizmə qarşı mübarizəyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.
 
Görüşdə enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın davamı kimi qeyri-neft sektoru, xüsusilə sənaye, kənd-təsərrüfatı, yüksək texnologiyalar, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqlar haqqında məlumat verərək, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasının tələb olunduğunu qeyd etdi. O, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdıraraq,  beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təsbit olunduğunu vurğuladı.
 
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.  
 
 
 
 
növbəti xəbər əvvəlki xəbər