2014-09-16
Nazir Elmar Məmmədyarov Rumıniyanın Enerji naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov 15-16 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri çərçivəsində 16 sentyabr tarixində Rumıniyanın Enerji naziri Razvan Nikolesku  ilə görüşmüşdür.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector (AGRI) layihəsi ətrafında müzakirələr aparılmışdır.

Razvan Nikolesku ölkəsinin Azərbaycan ilə enerji sahəsində daha da sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır.

Nazir Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirmiş və enerji təminatı üçün alternativ imkanların olmasının hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd etmişdir.

Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barəsində məlumat verən nazir Elmar Məmmədyarov bu ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin 20 illiyinin qeyd olunacağını və bu münasibətlə Bakıda təşkil ediləcək tədbirlər çərçivəsində TANAP layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini qeyd etmişdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər