2014-09-12
Azərbaycanın Bəhreyndəki səfiri etimadnaməsini Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifəyə təqdim etmişdir

2014-cü ilin  9 sentyabr tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri, eyni zamanda İslam Əməkdaşlığı Təşkilatı yanındakı daimi nümayəndəsi Rasim Rzayev etimadnaməsini Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifəyə təqdim etmişdir.

Bəhreyn kralı səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, Azərbaycan və Bəhreyn arasındakı münasibətlərinin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulamışdır. 

Səfir Rasim Rzayev diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.

Görüş əsnasında səfir R.Rzayev Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətləri, ölkədə son illərdə həyata keçirilmiş iqtisadi islahatlar, neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi haqqında Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifəyə ətraflı məlumat vermişdir.

növbəti xəbər əvvəlki xəbər