2014-05-13
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən Küveyt Elmi-Tədqiqatlar İnstitutunun və ADNA-nın “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu ilə birgə ixtisasartırma kursu keçirilir

13-21 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Küveyt Elmi-Tədqiqatlar İnstitutunun (KISR) və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu ilə birgə “Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar” mövzusunda 5-ci ixtisasartırma kursu keçirilir. Tədbirin keçirilməsində həmçinin Kolumbiya Respublikasının Xarici İşlər nazirliyi, Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC-Colombia), Böyük Britaniyanın Salford Universiteti və Avstraliyanın Küveyt Kolleci (ACK) ko-sponsor kimi iştirak edirlər.   

Artıq 5-ci dəfə keçirilən ixtisasartırma kursu ənənəvi tədbirə çevrilmişdır. Bu ilki tədbirdə Azərbaycan, Malayziya, Vyetnam, Küveyt, Çin, Hindistan, Meksika, Kolumbiya, Yəmən və Sudan kimi böyük neft istehsalına malik 10 ölkədən 20 mütəxəssis iştirak edir. 

Təlimlərdə Azərbaycanın neft üzrə aparıcı alimləri ilə yanaşı tanınmış beynəlxalq ekspertlər mühazirələrlə çıxışlar edəcəklər. Məlum olduğu kimi bu tədbir artıq ixtisasartırma kursları formatından böyüyərək, neft-qaz sənayesi sahəsində beynəlxalq elmi əməkdaşlıq və təcrübə mübadiləsi platformasına çevrilməkdədir. Beləliklə, sözügedən əməkdaşlıq vasitəsi ilə ölkəmizin beynəlxalq aləmdə daha geniş tanıdılması və Azərbaycanın neft üzrə elminin dünyada vaxtı ilə tutduğu aparıcı mövqeyə yenidən yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılır. 

Tədbir çərçivəsində həmçinin, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu ilə iştirak edən xarici təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə elmi tədqiqatların aparılması üzrə bir sıra anlaşma memorandumlarının imzalanması gözlənilir.

növbəti xəbər əvvəlki xəbər