2014-05-13
Nazir Elmar Məmmədyarov Tunisin xarici işlər naziri Munji Hamdi ilə görüşmüşdür

Cari ilin 13 may tarixində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu çərçivəsində nazir Elmar Məmmədyarov Tunisin xarici işlər naziri Munji Hamdi ilə görüşmüşdür.

Görüş əsnasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş və xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılması və qarşılıqlı səfərlərlin vacibliyi qeyd edilmişdir.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirmişdir. BMT TŞ-nin münaqişə ilə bağlı məlum qətnamələri tərəfindən dərhal, qeyd şərtsiz və tam şəkildə işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu deyən nazir Elmar Məmmədyarov, Ermənistanın BMT TŞ-nin qətnamələrinə əməl etmədiyini qeyd etmişdir. O əlavə etmişdir ki, Ermənistan müxtəlif məqsədyönlü addımlar, o cümlədən Cenevrə Konvensiyalarına zidd şəkildə Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməklə münaqişənin həllinə əngəl yaradır. Nazir Elmar Məmmədyarov Ermənistanın çünaqişə ilə əlaqədar mövqeyinin beynəlxalq hüquq və məntiqdən kənar olduğunu qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, eləcə də Şimali Afrika regionunda vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır.

  

növbəti xəbər əvvəlki xəbər