2014-04-16
Nazir Elmar Məmmədyarov Çexiya senatının Avropa İttifaqı məsələləri komitəsinin sədrini qəbul etmişdir

Cari ilin 16 aprel tarixində nazir Elmar Məmmədyarov Çexiya senatının Avropa İttifaqı məsələləri komitəsinin sədri Miroslav Kreyçanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Çexiya arasındakı münasibətlər və regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqda məlumat verən nazir Elmar Məmmədyarov, beynəlxalq ictimaiyyət tərəfindən sözügedən münaqişəyə ikili standartların tətbiq edildiyini və Azərbaycanın münaqişənin tezliklə ədalətli şəkildə həllinin tərəfdarı olduğunu vurğulamışdır.

Miroslav Kreyça dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin sual altına qoyulmasının yolverilməz olduğunu qeyd etmişdir. 

Həmçinin nazir Elmar Məmmədyarov ölkəmizin enerji strategiyası haqda qarşı tərəfə məlumat vermişdir. Azərbaycanın xarici işlər naziri ölkəmizin parlament diplomatiyasına böyük əhəmiyyət verdiyini qeyd edərək, Azərbaycanın Çexiya ilə müxtəlif sahələrdə, o cümlədən təhsil və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.

 

 
növbəti xəbər əvvəlki xəbər