2014-04-10
Nazir Elmar Məmmədyarov Zimbabve Respublikasının xarici işlər naziri ilə görüşmüşdür

Cari ilin 10 aprel tarixində nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları salamlayan nazir Elmar Məmmədyarov, Zimbabve xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd etmişdir. Azərbaycanın regionun lider ölkəsi olduğunu bildirən Azərbaycanın xarici işlər naziri, ölkəmizin Afrika ölkələri ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirmişdir.

Zimbabve ilə bir çox sahələrdə, o cümlədən təhsil, turizm və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan nazir Elmar Məmmədyarov, bunun üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir. Eyni zamanda görüşdə Azərbaycan ilə Zimbabve arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanmışdır.

Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvi ölkəmizə səfərindən məmnun olduğunu bildirmiş və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan münaqişəsi haqda Zimbabve Respublikasının xarici işlər nazirinə məlumat verən nazir Elmar Məmmədyarov, Azərbaycanın münaqişənin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirmişdir. Həmçinin nazir Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistan münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara məhəl qoymayaraq, Azərbaycan ərazilərinin işğalını davam edir. Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulamışdır.

   


 

növbəti xəbər əvvəlki xəbər