2013-08-12
Azərbaycanın Dubaydakı Baş konsulu Pərviz İsmayılzadə BƏƏ-nin Şarca Əmirliyinin Baş prokuroru Raşid Əli Məcid Əl-Omrani ilə görüşmüşdür

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərindəki Baş Konsulluğundan verilmiş məlumata əsasən, Baş konsul Pərviz İsmayılzadə bu ölkənin Şarca Əmirliyinin Baş prokuroru Raşid Əli Məcid Əl-Omrani ilə görüş keçirmişdir. 

Görüşdə Pərviz İsmayılzadə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, BƏƏ-yə daxil olan əmirliklərlə ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluq ifadə etmişdir.
 
Baş konsul ölkəmizin BƏƏ-nin aparıcı əmirliklərindən biri olan və azərbaycanlıların Dubaydan sonra ən çox məskunlaşdığı Şarca əmirliyi ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bu məqsədlə Dubayla yanaşı Şarca şəhərində də Baş konsulluğun fəaliyyətə başladığını qeyd etmişdir.
 
Raşid Əl-Omrani Azərbaycanda səfərdə olduğunu və bu səfərin onda xoş və dərin təəssürat oyatdığını diqqətə çatdıraraq, ölkəmizə xüsusi rəğbət hissi bəslədiyini qeyd etmişdir. 
 
Görüşdə Şarcaya səfər edən və burada yaşayan həmyerlilərimizin hüquqi müstəvidə üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmışdır. Pərviz İsmayılzadə burada yaşayan yerli və digər əcnəbi vətəndaşlarla yanaşı, azərbaycanlıların da hüquqlarının qorunması və bərpası istiqamətində Şarca Baş Prokurorluğunun fəaliyyətini yüksək qiymətləndirmişdir.  
 
Görüşün sonunda həmvətənlərimizin hüquqi problemlərinin operativ şəkildə həll olunması və digər müvafiq sahələrdə Baş konsulluqla Şarca Baş prokurorluğu arasında əməkdaşlıq barədə razılıq əldə olunmuşdur. 
 
növbəti xəbər əvvəlki xəbər