2013-07-02
Nazir Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkası qəbul etmişdir
Cari ilin 2 iyul tarixində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri xanım Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüş zamanı iki ölkə arasındakı əlaqələrin inkişafından, regionda baş verən proseslər və mövcud olan strateji tərəfdaşlıq əlaqələrindən söhbət açılmışdır.  Həmçinin Azərbaycan-NATO münasibətləri müzakirə edilmişdir.
 
ABŞ rəsmisi Azərbaycanın İSAF qüvvələrinin Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfəsini yüksək qiymətləndirmişdir. 
 
Nazir Elmar Məmmədyarov Azərbaycan-NATO münasibətlərinin strateji əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
 
Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən nazir Elmar Məmmədyarov, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmağa başlanmasının münaqişənin həlli prosesinə geniş imkanlar açacağını bildirmişdir. Nazir münaqişənin regionun sabitliyinə və təhlükəsizliyinə təhdid olduğunu vurğulamışdır. Həmçinin münaqişənin həllinin region ölkələri ilə yanaşı, regionun qonşuluğunda yerləşən ölkələrin milli maraqlarına cavab verdiyini qeyd etmişdir. 
 
növbəti xəbər əvvəlki xəbər