2013-06-27
Nazir Elmar Məmmədyarov Vyetnam Milli Assambleyasının vitse-prezidenti Uonq Çu Luunu qəbul etmişdir

Cari ilin 27 iyun tarixində xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Milli Assambleyasının vitse-prezidenti Uonq Çu Luunun  başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonağı salamlayan nazir Elmar Məmmədyarov iki ölkə arasındakı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə etmiş, iqtisadi sahədə əlaqələrin inkişafının və parlament diplomatiyasının əhəmiyyətini vurğulamışdır. Nazir Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələrin potensialının yüksək olduğunu qeyd etmişdir. 

Enerji sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyən Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Petro Vietnam” şirkəti arasında yaradılmış uğurlu əməkdaşlığın daha da inkişaf etdirlməsində maraqlı olduqlarını bildirmişdir.

Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verən nazir Elmar Məmmədyarov, BMT TŞ-nın Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd məlum qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini təəssüflə qeyd etmişdir.

Öz növbəsində, qonaq nümayəndə heyəti adından nazir Elmar Məmmədyarova göstərilən qonaqpərvərliyə görə təşəkkür etmişdir. Azərbaycanda səfərdə olmasından məmnunluğunu ifadə edən Koreya rəsmisi, ölkəmizdə sürətlə gedən inkişaf prosesindən təəssüratlandığını bildirmişdir.

Azərbaycanla Vyetnam arasında dərin və isti əlaqələrin mövcudluğundan danışan Uonq Çu Luu, peşəkar kadrların hazırlanmasında göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə öz minnətdarlığını bildirmiş və Azərbaycanın hazırladığı mütəxəssislərin hazırda Vyetnamda yüksək vəzifələrdə təmsil olunduqlarını vurğulamışdır.

   

növbəti xəbər əvvəlki xəbər