2013-06-25
Nazir müavini Xələf Xələfov Koreyanın hakim Saenuri partiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir
Cari ilin 25 iyun tarixində xarici işlər nazirinin müavini Xələf Xələfov Kijune Yoonun başçılıq etdiyi Koreya Respublikasının hakim Saenuri partiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.  
 
Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Koreya nümayəndə heyətini salamlayan nazir müavini Xələf Xələfov, Azərbaycan ilə Koreya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Xələf Xələfov bildirmişdir ki, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması partiyalar arasında münasibətlərin inkişafına təkan vermişdir. 
 
İqtisadi, mədəni, turizm və humanitar sahələrdə əlaqələrdən danışan nazir müavini Xələf Xələfov, Koreya şirkətlərinin ölkəmizdəki fəaliyyətini, burada həyata keçirilən layihələrdə iştirakını xüsusi qeyd etmişdir. Bununla yanaşı sözügedən əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır. Həmçinin parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi vurğulanmışdır.
 
Xələf Xələfov beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışarkən, Ermənistan-Azərbaycan münaqişəsində Cənubi Koreyanın Azərbaycanın haqlı mövqeyinin dəstəyinə ümidvar olduğunu bildirmişdir. Azərbaycanın Koreya yarımadasında mövcud olan gərginliyin diplomatik yolla həlli tərəfdarı olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır.    
 
Koreya nümayəndə heyətinin başçısı Kijune Yoo qəbula görə Azərbaycan tərəfinə minnətdarlıq bildirmişdir. Ölkəsinin son 50 ildə keçdiyi inkişaf yolu haqda danışan koreyalı rəsmi, müxtəlif sahələrdə təcrübə mübadiləsinə hazır olduqlarını qeyd etmişdir. Koreya yarımadasındakı gərginlik ilə bağlı Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq bildirmişdir. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Kijune Yoo, münaqişənin Azərbaycana gətirdiyi əzab və çətinlikləri hiss etdiklərini vurğulamış və Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini qeyd etmişdir.
növbəti xəbər əvvəlki xəbər