2013-06-04
Nazir Elmar Məmmədyarov ABŞ Dövlət katibi Con Kerri ilə görüşmüşdür
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ Dövlət katibi Con Kerri ilə görüşmüşdür. 
 
Görüş zamanı ABŞ Dövlət katibi Con Kerri Azərbaycanın ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd etmişdir. Con Kerri Ermənistan-Azərbaycan münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirərək, ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək etməyə davam edəcəyini qeyd etmiş və ABŞ-ın bu münaqişənin həllində çox maraqlı olduğunu vurğulamşdır.
 
Nazir Elmar Məmmədyarov Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələrə önəm verdiyini, iqtisadi, investisiya və enerji sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminlik bildirmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə danışan nazir Elmar Məmmədyarov, status-kvonun dəyişməli olduğunu qeyd etmişdir. Danışıqlarda irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının gərəkdiyini vurğulamışdır.
 

Görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov həmsöhbətini Bakıya rəsmi səfər etməyə dəvət etmişdir. Con Kerri öz növbəsində belə səfərin həyata keçirilməsində çox maraqlı olduğunu qeyd edərək dəvəti məmnuniyyətlə qəbul etmişdir.

növbəti xəbər əvvəlki xəbər