2013-06-03
Nazir müavini Xələf Xələfov Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir
Cari ilin 3 iyun tarixində xarici işlər nazirinin müavini Xələf Xələfov Kristofer Pinçerin başçılıq etdiyi Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
 
Kristofer Pinçer Azərbaycana növbəti səfərlərindən məmnun olduqlarını və belə səfərlərin müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir. 
 
Böyük Britaniyanı Azərbaycanın strateji mütəffiqi adlandıran Xələf Xələfov, Azərbaycanın Britaniya ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. 
 
Nazir müavini Xəzərin Azərbaycan sektorunda xarici şirkətlər, o cümlədən Böyük Britaniya şirkətləri ilə birgə həyata keçirilən nəhəng layihələrin digər sahələrdə əməkdaşlığın inkişafı üçün baza rolunu oynadığını, ölkələrimiz arasında mövcud olan potensialdan səmərəli istifadə edilməli olduğunu bildirmişdir. Xələf Xələfov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını və bu məqsədə yönəlmiş “Cənub dəhliz”ini və Transxəzər qaz layihəsini dəstəklədiyini diqqətə çatdırmışdır. O, həmçinin Azərbaycanın regionda oynadığı rol və həyata keçirilən regional layihələr haqqında Britaniyalı deputatlara məlumat vermişdir.  
 
Qonaqlar Azərbaycana səfərləri çərçivəsində məcburi köçkünlərin yaşadığı şəhərciyə baş çəkdiklərini, onların böyük ədalətsizliyə məruz qaldıqlarını və tezliklə öz yurd-yuvalarına qayıtmalarının zəruriliyini bildirmişlər. 
 
Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı danışan Xələf Xələfov, münaqişənin həlli istiqamətində ən böyük maneənin Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam etməsi olduğunu göstərmişdir. O, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkün olduğunu, qeyri-konstruktiv mövqenin münaqişənin həllinə mənfi təsir göstərdiyini qeyd etmişdir. 
 
Britaniyalı deputatlar Azərbaycanın regiondakı rolunu və terrorizmə qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirmiş və ölkəmizi regionda Britaniyanın müttəfiqi adlandırmışlar. 
 
Xələf Xələfov, həmçinin Britaniya parlamentinin üzvlərinin müxtəlif mövzulara dair suallarını cavablandırmışdır.  
növbəti xəbər əvvəlki xəbər