2013-05-31
Nazir Elmar Məmmədyarov NATO-nun Qadınlar, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Mari Skareni qəbul etmişdir
Cari ilin 31 may tarixində xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Qadınlar, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Mari Skareni qəbul etmişdir. 
 
Görüşdə NATO-Azərbaycan əməkdaşlığı, xüsusilə də qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində əməkdaşlıq imkanları, Azərbaycanın NATO-nun Əfqanıstanda sivil quruculuq və dövlət institutlarının möhkəmləndirilməsi səylərinə verdiyi töhfə ətrafında fikir mübadiləsi aparılmışdır.
 
Xarici işlər naziri Elmar Məmmədyarov gender bərabərliyinin təmin olunmasının və cəmiyyətdə qadınların rolunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir. Nazir bu istiqamətdə ölkəmizin öz təcrübəsini bölüşməyə və NATO ilə bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır. 
 
Xanım Mari Skare öz növbəsində ölkəmizə səfərdən məmnunluğunu bildirmiş və NATO-nun mühüm tərəfdaş ölkə kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd etmişdir. Həmçinin Azərbaycanın qadın hüquqlarının və gender bərabərliyi sahələrində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, ölkəmizlə bu sahədə əməkdaşlığın faydalı olacağını vurğulamışdır. 
 

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qadın hüquqları və gender bərabərliyi məsələlərinin daim diqqətdə saxlanılması ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.  

növbəti xəbər əvvəlki xəbər