2013-05-30
İordaniya Senatı tərəfindən Xocalı Soyqırımı ilə bağlı Bəyanat qəbul edilmişdir
28 may 2013-cü il tarixində İordaniya Senatı tərəfindən Xocalı Soyqırımı ilə bağlı Bəyanat qəbul edilmişdir.
 
Bununla bağlı İordaniya Senatının sədri Tahir Masri Azərbaycan Respublikasının İordaniyadakı səfirinə məktub ünvanlamışdır. Məktubda iordaniyalı senatorlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar İordaniya Senatı tərəfindən Xocalı Soyqırımı ilə bağlı bəyanatın qəbul edildiyi bildirilir. 
 
Bəyanatda yaralı və itkin düşmüş günahsız insanların bu faciənin qurbanı olduğu, Azərbaycanın suverenliyinə qarşı törədilmiş zorakılıqla yanaşı, Azərbaycan xalqının hüquqlarına qarşı yönəlmiş və insanlığa qarşı törədilmiş qırğına məruz qaldığı vurğulanır.
 
Senat İordaniyanın xalqlar arasında nifaq, müsibətlər toxumu səpən zorakılıqdan, qarşıdurmadan uzaq olaraq, münaqişələrin sülh yolu ilə həllinə, xalqlar arasında sülh və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran daimi mövqeyini dəstəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində həll olunmasının vacibliyini bəyan edir.
 
Həmçinin Senat xatırladır ki, İslam Əməkdaşlıq Təşkilatının qərarlarında üzv ölkələr Xocalı qətliamının soyqırım və insanlığa qarşı törədilmiş cinayət aktı kimi yerli və beynəlxalq səviyyələrdə tanınması istiqamətində lazımi addımların atılmasına çağırılır.  
 
növbəti xəbər əvvəlki xəbər