2013-05-30
Nazir Elmar Məmmədyarov Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul etmişdir
Cari ilin 30 may tarixində xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən Serbiyanın keçmiş Prezidenti, Demokratik Partiyanın Fəxri Prezidenti Boris Tadiçi qəbul etmişdir.
 
Görüş zamanı Boris Tadiç Azərbaycanda gedən surətli inkişafdan təəssüratlandığını bildirmiş və paytaxt Bakı şəhərini gördüyü ən maraqlı və gözəl şəhərlərdən olduğunu diqqətə çatdırmışdır. Serbiyalı qonaq Avropa İttifaqındakı mövcud iqtisadi durum, ölkəsində gedən proseslər və Serbiyanın Aİ-yə inteqrasiyası barədə məlumat vermişdir. 
 
Nazir Elmar Məmmədyarov qarşı tərəfə Bakıda keçirilən 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirmişdir. Azərbaycanda və regionda gedən proseslər barədə məlumat vermişdir. Həmçinin nazir Elmar Məmmədyarov regional enerji layihələri barədə qarşı tərəfə məlumat vermiş, sözügedən layihələrin region üçün olan əhəmiyyətindən danışmışdır. 
 
növbəti xəbər əvvəlki xəbər