2013-05-29
Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul etmişdir
Cari ilin 29 may tarixində xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
 
Görüşdə Avropa İttifaqı-Azərbaycan arasında əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafından məmnunluq bildirilmiş, xüsusilə enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin formalaşması yüksək qiymətləndirilmişdir. Bu əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir. 
 

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirmişdir ki, münaqişənin həllinin uzanması regionda sülh və sabitliyin bərqərar olunmasına əsas əngəldir. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllinə əsas maneə hesab edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır. 

növbəti xəbər əvvəlki xəbər