2013-05-18
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin xarici işlər naziri Pham Binh Minh ilə görüşmüşdür
Cari ilin 17 may tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov bu ölkənin xarici işlər naziri Pham Binh Minh ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan-Vyetnam münasibətləri müzakirə edilmiş, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılması zəruri olan addımlar barədə fikir mübadiləsi aparılmışdır. 
 
Nazir Azərbaycanın Vyetnamda Səfirlik təsis etmək qərarını yüksək qiymətləndirmiş, bu addımın ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfə verəcəyindən əminliyini ifadə etmişdir. P.B.Minh Anar İmanovu Azərbaycanın Vyetnamda səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Nazir ölkələrimiz arasında tarixən sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirmiş və ölkəsinin Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsinə önəm verdiyini qeyd etmişdir. Nazir Pham Binh Minh Azərbaycan və Vyetnam arasında siyasi dialoqun aktivləşdirilməsinin, yüksək vəzifəli rəsmilərin qarşılıqlı səfərlər həyata keçirməsinin vacibliyini vurğulamışdır.
 
Səfir Anar İmanov Azərbaycan-Vyetnam münasibətlərinin böyük potensiala malik olduğunu qeyd etmiş, bu potensialdan istifadə etməyin zəruriliyini vurğulamışdır. Səfir bu istiqamətdə fəaliyyətin daha da aktivləşdirilməsi məqsədilə Vyetnam tərəfindən də Azərbaycanda Səfirlik təsis edilməsinin vacibliyini qeyd etmişdir. Səfir Ermənistanın Azərbaycana qarşı işğalı və bunun nəticələri barədə nazirə ətraflı məlumat vermiş, ölkəmizin münaqişənin həlli ilə bağli haqlı mövqeyinin Vyetnam tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirmişdir. Səfir Anar İmanov beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini vurğulamışdır.  
 
Görüş zamanı, həmçinin Azərbaycan vətəndaşları üçün Vyetnama giriş vizasının rəsmiləşdirilməsinin sadələşdirilməsi imkanları müzakirə edilmişdir. 
növbəti xəbər əvvəlki xəbər