2013-05-17
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Prezidenti Truong Tan Sanga təqdim etmişdir
Cari ilin 16 may tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Prezidenti Truong Tan Sanga təqdim etmişdir. 
 
Etimadnamənin təqdimat mərasimində səfir Anar İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Vyetnam Prezidentinə çatdırmışdır. Səfir ölkəmizin Vyetnamla münasibətlərin inkişafına önəm verdiyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialın olduğunu və bu əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini nəzərə çatdırmışdır. 
 
Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sang Prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkür edərək, öz salamlarını və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmiş və Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etmişdir. Vyetnam Prezidneti Anar İmanovu Azərbaycanın Vyetnama səfiri təyin olunması münasibəti ilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır. 
 

Prezident Truong Tan Sang, həmçinin, ölkələrimiz arasındakı əməkdaşlığın dərin tarixi olduğunu və ölkəsinin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır. O, həmçinin, Vyetnamın neft sektorunun inkişafında azərbaycanlı mütəxəssislərin böyük rol oynadığını məmnunluqla qeyd etmişdir. 

  

növbəti xəbər əvvəlki xəbər