2013-05-16
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Misirin Xarici İşlər Nazirliyinin İctimai Diplomatiya və Media departamentinin rəisi səfir Bahir Helmi ilə görüş keçirmişdir
Misirə səfəri çərçivəsində xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev Misirin xarici işlər nazirliyinin İctimai Diplomatiya və Media departamentinin rəisi səfir Bahir Helmi ilə görüş keçirmişdir.
 
Görüş əsnasında Elman Abdullayev həmsöhbətinə Azərbaycanın xarici siyasəti, həyata keçirdiyi humanitar layihələr və ictimai diplomatiya siyasətinin əsas istiqamətləri barəsində məlumat vermişdir. O, Azərbaycan ilə Misirin tarixi dostluq əlaqələrini bölüşdüyünü qeyd edərək, bütün sahələrdə olduğu kimi ictimai diplomatiya sahəsində də birgə maraq dairəsində olan istiqamətlər üzrə əməkdaşlığın mümkünlüyünü bildirmişdir. Bu xüsusda Fələstin məsələsinə toxunan Elman Abdullayev, Azərbaycan ev sahibliyi ilə bu ilun iyun ayında Fələstin üzrə Bakıda keçiriləcək donor konfransı haqqında məlumat vermişdir.
 
Ermənistan-Azərbaycan münaqişəsi və onun törətdiyi fəsadlar barəsində ətraflı danışan Elman Abdullayev, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin Şarm Əl-Şeyx toplantısında və İƏT-in Qahirə sammitində bu münaqişə ilə əlaqədar qəbul edilmiş qərarların siyasi əhəmiyyətindən danışmış və bu xüsusda Misirin tutduğu mövqeyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.  

Bahir Helmi Azərbaycan və Misir xalqlarının tarixi dostluq və qardaşlıq ənənələrindən danışaraq, Misirin daim Azərbaycan ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini qeyd etmiş və digər sahələrdə olduğu kimi, ictimai diplomatiya sahəsində də iki ölkə arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün münbit imkanların olduğunu diqqətə çatdırmışdır. 

növbəti xəbər əvvəlki xəbər