2013-05-16
Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər fakültəsində mətbuat katibi Elman Abdullayev Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çıxış etmişdir
Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər fakültəsində fəaliyyətə başlayan "Azərbaycan tədris proqramı" çərçivəsində xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çıxış etmişdir.
 
Azərbaycanın tarixi inkişaf yolu, dövlətçilik ənənələri və regionda oynadığı rol barəsində danışan Elman Abdullayev, Çar Rusiyasının şərqə doğru genişlənməsi və Cənubi Qafqaz regionunun işğalı və bundan sonra süni köçürmə vasitəsilə tarixi Azərbaycan torpaqlarında ermənilərin demoqrafik mövcudluğunun yaradıldığını qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin köklərinin məhz buradan qaynaqlandığını bildirmiş və iyirminci yüzillik ərzində ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları və münaqişəsinin cari vəziyyətindən danışmışdır.
 
Ermənistanın işğalçılıq siyasəti, erməni terroru və bu xüsusda Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə və Xocalı soyqırımı barəsində ətraflı danışan Elman Ebdullayev, münaqişənin həllinə dair Azərbaycanın mövqeyi, Azərbaycanın region və onun hüdudlarından kənarda çiçəklənmə və inkişafa verdiyi töhfələr haqqında ətraflı məlumat vermişdir. Gürcüstan və Türkiyə ilə qurulmuş enerji və nəqliyyat əməkdaşlığını və Azərbaycanın bu əməkdaşlığın ərsəyə gətirilməsi və inkişafında oynadığı xüsusi rolu qeyd edən Elman Abdullayev, Ermənistanın öz mənfur siyasətinə görə regional inkişafdan kənarda qaldığını və üzləşdiyi sosial, demoqrafiq və iqtisadi çətinlilklərin fövqündə tənəzzülə doğru getdiyini bildirmişdir.   
 
Əldə edilmiş siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifah nəticəsində Azərbaycanın müstəqil, şəffaf və aydın xarici siyasət yürütdüyünü və bu siyasətin artıq regional müstəvidən qlobal müstəviyə doğru irəlilədiyini qeyd edərək, bu xüsusda Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi oynadığı rol, qlobal problemlərin həllinə verdiyi müsbət töhfələrindən danışmış və etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycan ilə daha sıx əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin sayının və coğrafiyasının olduqca geniş olduğunu bildirmişdir.
 
Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər fakültəsində Asiya araşdırmalar mərkəzinin nəzdində "Azərbaycan araşdırmalar bölməsi" təsis edilmiş və bu bölmə tərəfindən 13-19 may tarixlərində tələbələr üçün "Azərbaycan tədris proqramı" fəaliyyətə başlamışdır. Proqramda 50-dən artıq tələbə iştirak edir. Bu tədris proqramının gələcəkdə daha da inkişaf etdirilməsi planlaşdırılır.
 
16 may tarixində bu kurs çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Vüsal Qasımlı və Rövşən İbrahimovun çıxışları nəzərdə tutulmuşdur.      
 
növbəti xəbər əvvəlki xəbər