2013-04-12
Nazir Elmar Məmmədyarov Mərakeş xarici işlər nazirliyinin baş katibi Naser Buritanı qəbul etmişdir
Cari ilin 12 aprel tarixində nazir Elmar Məmmədyarov Mərakeş Krallığının xarici işlər nazirliyinin baş katibi Naser Buritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə nazir Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmiş və gələcək əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu qeyd etmişdir.
 
Ölkəmizdə gedən proseslər, aparılan islahatlar haqda qonağa məlumat verən nazir Elmar Məmmədyarov, regionda davamlı inkişafın təmin olunmasına əsas maneə kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərmişdir. 
 
Mərakeş  XİN-in baş katibi ölkəmizdə gedən inkişaf prosesinin onda xoş təəssüratlar yaratdığını bildirmiş və ölkəsinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləmişdir. Mərakeş rəsmisi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdır.
 
Həmçinin, görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, bu səpkidə siyasi məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi qeyd olunmuşdur. Bununla yanaşı, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılıq əldə etmişlər.
 
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
 

növbəti xəbər əvvəlki xəbər