2013-04-12
Azərbaycan və Polşa xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir
Cari ilin 12 aprel tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Polşa Respublikası xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Polşa nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini xanım Katarjına Pelçınska-Nalenç başçılıq etmişdir.
 
Nazir müavini Xələf Xələfov Polşa nümayəndə heyətini salamlamış və iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə etmişdir. Azərbaycan və Polşa arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edən nazir müavini Xələf Xələfov, sözügedən səfərin mövcud əməkdaşlığın dərinləşməsinə təkan verəcəyini bildirmişdir. Bununla yanaşı Xələf Xələfov əməkdaşlığın inkişaf dinamikasının mövcud potensiala cavab vermədiyini diqqətə çatdırmışdır.
 
Polşalı nazir müavini Katarjına Pelçınska-Nalenç ölkəmizə səfərdən məmnun olduğunu bildirmiş və ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsində qarşılıqlı səfərlərin rolunun zəruriliyini vurğulamışdır. Misal kimi xanım Pelçınska-Nalenç son illərdə həyata keçirilmiş qarşılıqlı səfərləri qeyd etmişdir. Azərbaycanın surətlə inkişaf etdiyini söyləyən polşalı rəsmi, ölkəmizlə bir çox sahələrdə, xüsusilə enerji, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirmişdir.
 
Nazir müavini Xələf Xələfov Azərbaycanla Polşa münasibətlərinin tarixi kökə malik olduğunu qeyd etmişdir. Bu tarixin iki ölkə arasında mövcud münasibətlərin daha da möhkəmləndirilməsi üçün olduqca vacib bünövrə olduğunu söyləmişdir. Azərbaycanın Polşa ilə enerji, kənd təsərrüfatı, turizm, sənaye və bir sıra digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran Xələf Xələfov, bunun üçün iradənin və bütün lazımi şəraitin olduğunu vurğulamışdır. Həmçinin, Azərbaycan rəsmisi ölkəmizin Avropa İttifaqı üçün mühüm partnyor olduğunu bildirmiş və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı müstəsna rol haqda danışmışdır.
 
Regionda davamlı inkişafın təmin edilməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasının vacibliyini vurğulayan Xələf Xələfov, Ermənistanın münaqişənin həlli istiqamətində konkret addımların atılması üçün lazımi iradəni göstərmədiyini vurğulamışdır. Bu baxımdan, Avropa dövlətləri tərəfindən Ermənistana təzyiqlərin artırılmasının, işğal edilmiş torpaqların azad olunması üçün konkret addımların atılmasının vacibliyi qeyd edilmişdir.
 
Polşa xarici işlər nazirinin müavini ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini və münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduqlarını vurğulamışdır.
 
Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər