2013-04-12
Nazir Elmar Məmmədyarov ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Kobieratskini qəbul etmişdir.

Cari ilin 11 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Kobieratskini qəbul etmişdir. 

Görüşdə Azərbaycan-ATƏT gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.  

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərək bildirmişdir ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişənin həllinin uzanmasının regionda sülh və sabitliyin bərpasına imkan vermədiyini, həmçinin, bütövlükdə geniş Avropa məkanı üçün təhdid təşkil etdiyini vurğulamışdır. Nazir qeyd etmişdir ki, münaqişənin həll olunması üçün beynəlxalq ictimaiyyət işğalçı dövlətə qarşı təzyiqləri artırmalı və münaqişənin həlli məsələsi daim beynəlxalq gündəlikdə tutulmalıdır.

Nazir Azərbaycanın ATƏT-in tamhüquqlu üzvü kimi təşkilatla əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulamış və ATƏT-in bir təşkilat kimi bütün üzv dövlətlərə qarşı eyni münasibət nümayiş etdirməsinin vacibliyini qeyd etmişdir.  

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər