2012-02-10
“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına səfər etmək istəyən müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi ilə bağlı yeni qaydala

“Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli Fərmanına əsasən:

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

1. “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu;
2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
3. “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Sözügedən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

1. “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən iyunun 1-dək;
2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər - 2012-ci il mayın 10-dan iyunun 1-dək.

Qeyd: “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə müəyyən olunmuş yeni qaydalar barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına məlumat verilmişdir.

növbəti xəbər əvvəlki xəbər