2012-10-15
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilmişdir

15 oktyabr 2012 – ci ildə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilmişdir. Məsləhətləşmələrdə AR Xarici İşlər Nazirinin müavini X. Xələfovun və RF Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhəddinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN – in xüsusi tapşırıqlar üzrə Səfiri İ. B. Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak etmişdir.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzəryanı dövlət başçılarının 18 noyabr 2010 – cu ildə Bakıda keçirilmiş Zirvə Görüşündə qəbul olunmuş protokol qərarının icrası məqsədilə bir sıra mühüm məqamlar, o cümlədən digər müvafiq məsələlər müzakirə olunmuş, eləcə də növbəti Zirvə Görüşü ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanmış və müntəzəm olaraq davam etdirilməsinin zəruri olduğu bildirilmişdir.

Həmin gün Nazir müavini X. Xələfov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Stats Katibi, Nazir müavini Q. B. Karasinlə görüş keçirmişdir. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunmuş və qarşılıqlı maraq doğuran regional məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər