2012-10-15
Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin müavini Erik Rubinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Cari ilin 15 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin müavini Erik Rubinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonağı salamlayan Nazir Elmar Məmmədyarov Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında hərtərəfli əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirmişdir. O, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Nazir münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasının vacibliyini qeyd etmiş və Ermənistan tərəfinin sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin təəssüf doğurduğunu bildirmişdir. 

ABŞ Dövlət Katibinin müavini Erik Rubin ölkəmizə səfərindən məmnunluğunu bildirmiş və ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Erik Rubin Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasında oynadığı rolun təqdirəlayiq olduğunu və bunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini ifadə etmişdir. 

Görüş zamanı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər