Nəqliyyat dəhlizləri

 

Azərbaycan Respublikası öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır və Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda iri miqyaslı infrastruktur layihələrini həyata keçirir. Buna uğurlu misal kimi, Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrini qeyd etmək olar. Asiyadan Avropaya daşınan yüklərin həcminin artım templərini nəzərə alaraq, həmin yüklərin qısa vaxt müddətində çatdırılması məsələsi gündəmə çıxır.

Bu baxımdan Şərq-Qərb nəqliyyat dəhlizi coğrafi yerləşməsi, multimodal nəqliyyat infrastrukturunun mövcudluğu və iqtisadi səmərəliliyi nəzərə alınaraq böyük potensiala malikdir. İstifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcəkdir.

Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə maraqlı ölkələr ilə dialoq davam etdirilir. Mövcud olan avtomobil nəqliyyatı ilə yanaşı dəmir yolu infrastrukturunun da inkişaf etdirilməsi, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti layihəsinin reallaşdırılması istiqamətində tərəflər arasında danışıqlar aparılır.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində, həmçinin regionda müasir yükdaşıma tələblərinə cavab verən iri logistik mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəz regional logistik qovşaq funksiyası yerinə yetirməklə sözügedən nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yayarlanmağa şərait yaradacaqdır.

 

TASİM

 

Azərbaycan tərəfi İKT sahəsində irəli sürdüyü Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi Qərbi Avropadan Şərqi Asiyayadək Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik internet xəttinin çəkilməsidir. Layihə çərçivəsində Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulması nəzərdə tutulur. Belə ki, bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Almaniyaya çatacaqdır.