Azərbaycan və İSESKO münasibətləri
Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Respublikamızın Birinci xanımı Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur.
İSESKO-nun Baş direktoru Ə.O.əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulamış, 2006-cı ildən etibarən Respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş aşağıdakı tədbirlər – “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfrans (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forum (10-11 iyun 2008-ci il), İslam ölkələri Elm və təhsil nazirlərinin VI Konfransı (6-7 oktyabr 2008-ci il), “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” Mədəniyyət ilinin açılış açılış mərasimi (18 fevral 2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransı (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammiti (26-27 aprel 2010) və Ümumdünya mədəniyyətlərarası dialoq forumu (7-9 aprel 2011-ci il) xüsusilə qeyd edilməlidir. 
İSESKO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim A.İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilmişdir. 
İSESKO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində İSESKO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək diqqətə layıqdir. İSESKO çərçivəsində qəbul edilmiş qərarlarda Dağlıq Qarabağ problemi ilə bağlı maddələr öz əksini tapmışdır.
Respublikamızda fəaliyyət göstərən Kainat Gənclik Mərkəzi 2011 və 2012-ci illərdə İSESKO Baş direktoruna müraciət edərək, İslam dünyası gənclərinin (20 yaşadək) Klassik musiqi ifaçılığı ilə bağlı beynəlxalq müsabiqəsinin keçirilməsi layihəsinə maliyyə yardımı göstərilməsini xahiş etmişdir. İSESKO rəhbərliyi adı çəkilən Mərkəzin müraciətinə cavab olaraq, həmin məqsədilə qeyd edilən illərdə 10 min ABŞ dolları ayırmışdır.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri A.Rəhimov 28 fevral-03 mart 2011-ci il tarixlərində Mərakeş Krallığına səfəri zamanı İSESKO-nun Baş direktoru Ə.Tuveycri ilə görüşmüş, İSESKO-Azərbaycan əlaqələri, İSESKO-nun xətti ilə Azərbaycanda keçirilən tədbirlər, həmin tədbirlərə Heydər Əliyev Fondunun dəstəyi məmnunluqla qeyd edilmişdir.
07-09 aprel 2011-ci il tarixlərində İSESKO-nun Baş direktoru Ə.O.əl-Tuveycri “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda iştirak etmək məqsədilə Bakıda səfərdə olmuşdur.
Ə.O.əl-Tuveycri 2011-ci ildə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülmüşdür. O, sözügedən mükafatın təqdim edilməsi məqsədilə 2011-ci ilin 9-11 may tarixlərində Bakıya səfər edərək, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilmiş tədbirlərdə iştirak etmişdir.
İSESKO-nun Baş direktoru Ə.O.ət-Tuveycri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Ə.Qarayevin dəvəti ilə 10-11 oktyabr 2011-ci il tarixlərində Bakıda keçirilmiş “Bakı Beynəlxalq Humanitar Forum”da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Ə.O.ət-Tuveycri Azərbaycan Respublikası Prezidenti Zati aliləri cənab İlham Əliyev və Respublikamızın Birinci xanımı, İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir.
17 oktyabr 2011-ci il tarixində İSESKO-nun Rabat şəhərindəki Daimi qərargahında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin 2-ci toplantısı çərçivəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbir keçirilmişdir.
12-14 dekabr 2011-ci il tarixlərində İSESKO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Qızların təhsilinin təşviq edilməsi: hazırkı vəziyyət, çağırışlar və gəlcək perspektivlər” mövzusunda beynəlxalq tədbir keçirilmişdir.
İSESKO-nun təsis edilməsinin 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva, Xarici İşlər Naziri E.Məmmədyarov, Təhsil naziri M.Mərdanov, Mədəniyyət və Turizm Naziri Ə.Qarayev tərəfindən İSESKO-nun Baş direktotu Ə.O.ət-Tüveycriyə təbrik məktubları ünvanlanmışdır.
Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı 2012-ci ilin fevralın 24-də İSESCO-nun mənzil qərargahının böyük zalında Səfirliyin, İSESCO və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə anma mərasimi keçirilmişdir.
Tədbirin hazırlanması və keçirilməsi ilə bağlı İSESCO-nun baş direktoru Ə.O.əl-Tüveycrinin göstərdiyi səylər və onun mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı barədə ədalətli və cəsarətli çıxışı xüsusilə qeyd edilməlidir.
İSESKO-nun Baş direktoru Ə.O.ət-Tuveycri Bakıda keçirilmiş “23-cü Crans Montana illik forum”da iştirak etmək məqsədilə 29-30 iyun 2012-ci il tarixlərində ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Ə.O.ət-Tuveycri Respublikamızın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir. Mehriban xanım Əliyeva İSESKO-nun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edilmişdir.
İSESKO-nun Baş direktoru Ə.O.ət-Tuveycri “İkinci Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak etmək məqsədilə 04-05 oktyabr 2012-ci il tarixlərində ölkəmizdə səfərdə olmuşlar. Səfər çərçivəsində Ə.O.ət-Tuveycri Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir. Ə.O.əl-Tüveycri təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə İSESCO-nun 30 illiyinə həsr olunmuş emblemi dövlətimizin başçısına təqdim etmişdir.
07 may 2013-cü il tarixində İSESCO-nun mənzil qərargahında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
İSESKO-nun Baş direktoru Ə.O.ət-Tuveycri Azərbaycan Respublikası, İSESCO və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş (18-19 mart 2013-cü il) “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair Beynəlxalq Konfrans”da, Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilən “İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda (29 may-1 iyun 2013-cü il), “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu”nda (31 oktyabr-01 noyabr 2013-cü il) iştirak etmək məqsədilə ölkəmizdə səfərlərdə olmuşdur.
22-24 oktyabr 2013-cü il tarixlərində Bakıda “İSESCO-nun Asiya regionu ölkələri üzrə Milli komissiyaları baş katiblərinin regional iclası” keçirilmişdir.
11-12 noyabr 2013-cü il tarixlərində Bakı şəhəri “İSESCO-ya üzv ölkələrin Uşaq Məsələləri üzrə nazirlərinin IV Konfransı”na ev sahibliyi etmişdir. Konfransın əsas mövzusu islam dünyasında uşaqlar və urbanizasiya problemləri olmuşdur. Konfransdan əvvəl 8-9 noyabr tarixlərində İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə yüksək səviyyəli ekspertlərinin görüşü keçirilmişdir.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev İSESKO-nun Baş direktoru Ə.O.əl-Tuveycrini ölkəmizə səfərləri çərçivəsində həmişə qəbul etmiş, Azərbaycan ilə İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamışdır. Ə.O.əl-Tuveycri sözügedən səfərləri zamanı Respublikamızın Birinci xanımı Mehriban Əliyeva tərəfindən də qəbul edilmişdir.
2014-cü ilin 26 fevral tarixində İSESCO-nun baş qərargahında Xocalı soyqırımına həsr edilmiş anma mərasimi keçirilmişdir.
2014-cü ilin 11 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində keçirilmiş “Müsəlman cəmiyyətlərində sülhün təşviqi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycanla bağlı təşkil edilmiş xüsusi tədbirdə İSESCO baş direktoru Ə.əl-Tuveycri çıxış etmişdir.
2014-cü ilin 24-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş  İslam Dünyasının Gənc (20 yaşadək) klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq festival-müsabiqəsinə İSESCO tərəfindən təşkilati dəstək göstərilmişdir.
2014-cü ilin 15-17 iyun tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərov Mərakeş Krallığına səfəri zamanı İSESCO Baş direktoru Ə.O.əl-Tuveycri ilə görüş keçirmişdir.
2014-cü ilin 1-2 oktyabr tarixlərində İSESCO Baş direktoru Ə.əl-Tuveycri Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Forumda iştirak etmişdir.
2014-cü ilin 20-21 oktyabr tarixlərində İSESCO Baş direktorunun müavini A.Əl-Həcri Bakıda keçirilmiş “İӘT üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V beynəlxalq konfransda iştirak etmişdir.
2014-cü ilin 19 noyabr tarixində İSESCO Baş direktoru Ə.O.əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir.
2014-cü ilin 18 dekabr tarixində AR-ın İSESCO-da daimi nümayəndəsi T.Əliyev və AR Təhsil Nazirliyinin nümayəndəsi İSESCO-nun Baş qərargahında keçirilmiş İslam ölkələrinin Ali Təhsil və Elmi Araşdırma Nazirlərinin 7-ci Konfransında iştirak etmişlər.
2015-ci ilin 27-30 aprel tarixlərində İSESCO Baş direktoru Ə.O.əl-Tuveycri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Bakıya səfər etmişdir. Səfər çərçivəsində İSESCO Baş direktoru bir sıra görüşlər keçirmiş, o cümlədən AR xarici işlər naziri tərəfindən qəbul edilmişdir.
2015-ci ilin 18-19 may tarixlərində İSESCO Baş direktoru Ə.O.əl-Tuveycri Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası dialoq Forumunda iştirak etmişdir.
İSESCO-nun Baş direktoru Ə.O.əl-Tuveycri “Bakı-2015” ilk Avropa oyunlarının açılış mərasimində iştirak etmişdir.
2015-ci ilin 23-24 noyabr tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcraiyyə Şurasının 36-cı sessiyası Bakıda keçirilmişdir. 2015-ci ilin Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası və ISESCO arasında hərtərəfli uğurlu əməkdaşlığın   qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə İSESCO Baş direktoru Ə.O. əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilmişdir.
26-27 noyabr 2015-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci Baş Konfransı Bakıda keçirilmişdir. Tədbirin açılış mərasimində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.

 

 

 

 

Son yenilənmə tarixi: 08.12.2015