Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası

2013-cü ilin 09-13 iyun tarixlərində Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Əbdüllətif bin Rəşid əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov KƏŞ-in Baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə KƏŞ arasında əməkdaşlıqdan məmnunluq ifadə edilmiş və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. KƏŞ-in baş katibi vurğulamışdır ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ilbəil artmaqdadır. Görüşün sonunda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Körfəz Əməkdaşlığı Şurasının Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

İyun ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Fələstinə yardım göstərilməsi ilə bağlı Bakıda həmin ərəfədə keçirilən beynəlxalq konfransın əhəmiyyəti vurğulanmış, Azərbaycan ilə Körfəz ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilmiş, münasibətlərimizin ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd edilmişdir. Söhbət zamanı əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin önəmi diqqətə çatdırılmış, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunda da olmuşdur. Qəbələdə hörmətlə qarşılanan qonaqlar rayonun turizm imkanları ilə maraqlanmış, istehsal müəssisələrində istehsal prosesini yaxından izləmişlər. Nümayəndə heyətinin üzvləri inşası davam etdirilən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisinə baxmışlar. Nümayəndə heyəti Qəbələ konserv zavodu və “Beltmann” piano fabrikində də istehsal prosesini yaxından izləmişdir. Qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilmiş, yerli məhsullar nümayiş etdirilmişdir.

Daha sonra Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində olmuşdur. Qəbələ rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edən nümayəndə heyətinin üzvləri Qəbələ rayonunun füsunkar təbiəti olduğunu vurğulamış, bu yerin geniş turizm potensialı olduğunu qeyd etmişlər.

 

Son yenilənmə tarixi: 10.09.2014