Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı

Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunmuşdur. Həmin gün Azərbaycanla yanaşı daha 5 digər ölkə (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) təşkilata üzvlüyə qəbul olunmuşdur. İƏT-in bu genişlənməsi hazırda “İƏT günü” kimi qeyd olunur.

Azərbaycan İƏT-in təsis edilməsi haqqında 1987-ci il tarixli İzmir müqaviləsinə və müqavilənin 1990-cı il 18 iyun və 1992-ci il 28 noyabr tarixli protokollarına Azərbaycan Respublikası Milli Məclisinin 3 sentyabr 1993-cü il tarixli 699 nömrəli qərarı ilə qoşulmuşdur.

1997-ci ildən bəri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndələr Şurasında Azərbaycan Respublikasının daimi nümayəndəsidir. Hazırda daimi nümayəndə səfir Cavanşir Axundovdur. 

İƏT-in əsas məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inteqrasiya proseslərinə kömək etməkdir. Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə əməkdaşlıq etməkdədir.

İqtisadi Əməkdaşlıq Təşkilatınına sədrlik

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və İƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası 16 oktyabr 2012-ci il və 15 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində keçirilmişdir. Bu iclaslar təşkilatın 1992-ci ildə genişlənməsinin, yeni üzvlərin qoşulmasının 20-ci ildönümünə təsadüf etmişdir. Eyni zamanda, 15 oktyabr tarixindən İƏT-də Sədrlik Azərbaycan tərəfinə keçmişdir. Zirvə toplantısında Bakı bəyannaməsi qəbul edilmişdir. 

Azərbaycanın sədrliyi dövründə İƏT-in Tehranda keçirilən Regional Planlaşdırma Şurasının, Daimi Nümayəndələr Şurasının iclasları Azərbaycan nümayəndələrinin rəhbərliyi ilə həyata keçirilməkdədir. 2013-cü ilin 6-8 may tarixlərində keçirilmiş Regional Planlaşdırma Şurasının 23-cü iclasında Azərbaycan Respublikası geniş tərkibdə nümayəndə heyəti ilə iştirak etmişdir. 

İƏT-in 20-ci ildönümündə sədrliyin Azərbaycana keçməsi təşkilat çərçivəsində əməkdaşlığımızın artırılması üçün bir stimuldur. Azərbaycan tərəfi çalışacaqdır ki, İƏT-dəki sədrliyi irəliləyiş dövrü kimi yadda qalmasına çalışacaqdır. 

Regional əməkdaşlıq üçün ilkin şərtlərdən biri bölgədə sülh və təhlükəsizlik mühitinin yaradılmasıdır. Buna nail olunarsa, bütün üzv dövlətlərin inkişafı üçün şərait yaranar.

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Azərbaycan İƏT-in iqtisadyönlü təşkilat kimi inkişaf etməsində və bu istiqamətdə layihələr həyata keçirilməsini dəstəkləyir. Sədrlik dövrü ərzində təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması, regional əməkdaşlığın genişləndirilməsi, regionda konkret layihə və proqramların həyata keçirilməsində davamlılığın təmin edilməsi üçün zəmin yaratmaq Azərbaycan Respublikasının qarşısında duran əsas hədəflərdir.

Bu məqsədlə təşkilata sədrliyimiz dövründə bir sıra iclaslarda təkliflər irəli sürülmüşdür. Azərbaycan əmindir ki, təşkilat çərçivəsində hazırda daha çox ehtiyac duyulan əməkdaşlıq istiqamətlərinin prioritetləşdirilməsi, kəmiyyət artımından keyfiyyət artımına keçid, region dövlətləri üçün yaranan çağırışların vaxtlı vaxtında qiymətləndirilməsi, proqrnozlaşdırılması və müvafiq cavab tədbirlərinin həyata keçirilməsi bütöv təşkilatın və onun struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin artımına xidmət edə bilər.

İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi İranın Tehran şəhərində yerləşir. Onun işinə 4 ildən bir üzv ölkələr arasından növbə ilə seçilən Baş Katib rəhbərlik edir. Hazırda İƏT Baş Katibi vəzifəsini Azərbaycan Respublikasının nümayəndəsi səfir Şamil Ələsgərov tutur. O, bu vəzifəyə 2012-ci il avqust tarixində təyin edilmiş və İƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası zamanı həmin təyinat Şura tərəfindən təsdiqlənmişdir.

İƏT Katibliyinin 6 departamenti vardır. Hazırda Enerji, mineral ehtiyatlar və ətraf mühit departamentinin rəhbəri vəzifəsini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin katibliyə ezam edilmiş əməkdaşı Orxan Zeynalov həyata keçirir.

İƏT-in Ticarət və İnkişaf Bankı (EKOBANK) 2008-ci ildə fəaliyyətə başlamışdır və onun əsas məqsədi İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində layihələrdir. 2012-ci il 28 sentyabr tarixində Bankın Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanmış, 15 fevral 2013-cü il tarixində Milli Məclis tərəfindən təsdiq olunmuşdur. Hazırda Azərbaycan bankın səhmdarlarından biridir. Bankın baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşir.

Nəqliyyat sahəsində əməkdaşlıq

İqtisadi Əməkdaşlıq Təşkilatının prioritet istiqamətlərindən biri 1998-ci il 9 may tarixində Almatı şəhərində keçirilmiş İƏT-in 5-ci Sammitində imzalanmış Tranzit Nəqliyyatı Çərçivə Sazişinin həyata keçirilməsidir. İƏT üzvü olan 10 ölkədən 8-i artıq bu Sazişə qoşulmuşdur. Saziş 2006-cı il 19 may tarixindən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 04 dekabr tarixli № 559-İQ nömrəli Qanunu ilə bu Saziş təsdiq edilmişdir.

Azərbaycan Respublikası Tranzit Nəqliyyatı Çərçivə Sazişi üzrə əlaqələndirici təyin edilmişdir. Tranzit nəqliyyatı məsələlərinin monitorinqinin və koordinasiyasının həyata keçirilməsi üzrə Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılmışdır. Şurasının fəaliyyətinin daha da artırılması məqsədi ilə Hüquq, Sığorta, Dəmir yolu, Avtoyol və Tranzit ticarəti üzrə alt komitələr yaradılmışdır. İƏT çərçivəsində Tranzit Nəqliyyatı üzrə Koordinatorlar Şurasının ilk iclası 25 sentyabr 2006-cı il tarixində Bakı şəhərində keçirilmişdir və iclas zamanı saziş üzrə əlaqələndirmə həmin Şuraya keçmişdir.

İƏT regionun nəqliyyat və kommunikasiya sisteminin və əsas nəqliyyat dəhlizləri olan “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin inkişaf etdirilməsi çərçivəsində Azərbaycan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu layihəsinin iştirakçısıdır. Layihə üzrə Yüksək səviyyəli İşçi qrupunun ilk iclası 22 may 2013-cü il tarixində Bakı şəhərində keçirilmişdir. 

Layihənin reallaşdırılması region dövlətləri üçün daha yeni imkanlar, o cümlədən regionda ümumi dəmir yolu şəbəkəsinin yaradılmasına, dəmir yol xətlərinin modernləşdirilməsinə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və İƏT dəmir yolu şəbəkəsinin Avropa və Yaxın Şərq dəmir yolu şəbəkəsinə birləşdirilməsinə imkan yaradacaqdır.

Müqavilə-hüquq bazası

İƏT üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan İƏT çərçivəsində 11 müxtəlif sazişə qoşulmuşdur:

1. "İqtisadi Əməkdaşlıq Təşkilatının Tranzit ticarəti haqqında Saziş", 15 mart 1995-ci il tarixində İslamabad şəhərində imzalanmış, 12 dekabr 2000-ci ildə təsdiq olunmuşdur;

2. "İqtisadi Əməkdaşlıq Təşkilatının Tranzit Nəqliyyatı üzrə Çərçivə Sazişi", 9 may 1998-ci il tarixində Almatı şəhərində imzalanmış, 4 dekabr 1998-ci il tarixində təsdiq edilmişdir;

3. "İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət əməkdaşlığı haqqında Çərçivə Sazişi", 6 mart 2000-ci il tarixində Tehran şəhərində imzalanmış, 6 aprel 2004-cü ildə təsdiq edilmişdir;

4. “İqtisadi Əməkdaşlıq Təşkilatı üzv-dövlətlərinin iş adamları üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Saziş”, 15 mart 1995-ci il tarixində İslamabad şəhərində imzalanmışdır;

5. “İƏT Mədəniyyət İnstitutunun Nizamnaməsi”, 15 mart 1995-ci il tarixində İslamabad şəhərində imzalanmışdır;

6. “İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun Əsasnaməsi”, 15 mart 1995-ci il tarixində İslamabad şəhərində imzalanmışdır; 

7. “İƏT Təhsil İnstitutunun Nizamnaməsi”, 9 may 1998-ci il tarixində Almatı şəhərində imzalanmışdır;

8. “Qaçaqmalçılıq və gömrük fırıldaqçılığı ilə mübarizə sahəsindəı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, 9 may 1998-ci il tarixində imzalanmışdır;

9. "İqtisadi Əməkdaşlıq Təşkilatının üzv-dövlətləri arasında investisiyaların təşviqi və qorunması haqqında Saziş”, 7 iyul 2005-ci il tarixində İstanbul şəhərində imzalanmışdır;

10. “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə Saziş”, 7 iyul 2005-ci il tarixində İstanbul şəhərində imzalanmışdır;

11. “Təbii fəlakət risklərinin idarə edilməsi üzrə regional mərkəzin yaradılması haqqında Anlaşma Memorandumu”, 4 sentyabr 2004-cü il tarixində Məşhəd şəhərində imzalanmışdır.

Azərbaycan sədrlik dövründə İqtisadi Əməkdaşlıq Təşkilatının bir sıra tədbirlərinə ev sahibliyi etmişdir və edəcəkdir.

N Tədbirin adı Keçirilməsi tarixi Keçirilmə yeri
1. İƏT Yüksək Vəzifəli Şəxslərin iclası 13-14 oktyabr 2012-ci il Bakı şəhəri
2. İƏT Nazirlər Şurasının iclası 15 oktyabr 2012-ci il Bakı şəhəri
3. İƏT Zirvə Toplantısı 16 oktyabr 2012-ci il Bakı şəhəri
4. İƏT İqtisadi tədqiqatlar üzrə daimi komitənin 2-ci iclası 7-8 noyabr 2012-ci il Bakı şəhəri
5. İƏT İqtisadiyyat jurnalının redaksiya heyətinin 1-ci iclası 7-8 noyabr 2012-ci il Bakı şəhəri
6. İstanbul prosesi üzrə Yüksək vəzifəli şəxslərin 4-cü görüşü 6 fevral 2013-cü il Bakı şəhəri
7. İƏT üzv ölkələrinin Qan köçürülməsi orqanlarının rəhbərlərinin 3-cü görüşü 14-15 fevral 2013-cü il Bakı şəhəri
8. İƏT Qəzvin – Rəşt – Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun ilk iclası 22 may 2013-cü il Bakı şəhəri
9. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə Əlaqələndirici Şuranın 5-ci iclası 24-25 iyun 2013-ci il Bakı şəhəri
10. İƏT üzv ölkələrin İqtisadi beyin mərkəzlərinin 1-ci Bakı Forumu 5 sentyabr 2013-cü il Bakı şəhəri
11. İƏT üzv ölkələrinin Enerji, regional inteqrasiya və sosial iqtisadi inkişaf” mövzusunda 1-ci beynəlxalq konfrans 6 sentyabr 2013-cü il Bakı şəhəri
12. “İƏT üzv ölkələrinin vergi ödəyicilərinə xidmət” mövzusunda seminar 10-12 sentyabr 2013-cü il Bakı şəhəri
13. Bərpa olunan enerji mənbələri üzrə İƏT ekspert qrupunun 2-ci iclası 20-22 noyabr 2013-cü il Bakı şəhəri
14. İƏT üzv ölkələrinin Bərpa olunan enerji mənbələri üzrə 4-cü seminar 20-22 noyabr 2013-cü il Bakı şəhəri
15. İƏT-in üzv ölkələrinin İqtisadi jurnalının redaksiya heyətinin 3-ci iclası Dəqiqləşdiriləcək  
16. İƏT üzv ölkələrinin ölkələrinin “Tarlalarda ziyanvericilərə qarşı nəzarət” mövzusunda seminar/təlim kursu Dəqiqləşdiriləcək  
17. İƏT-in üzv ölkələrinin Statistika üzrə yüksək səviyyəli işçi qrupunun 6-cı iclası Dəqiqləşdiriləcək  
18. İƏT üzv ölkələrinin "Neft, qaz və qaz qazma" üzrə seminarı Dəqiqləşdiriləcək  
19. İƏT üzv ölkələrinin Sahə müşahidəsi üzrə seminar / təlim kursu Dəqiqləşdiriləcək  
20. İqlim Dəyişikliyi və Biomüxtəliflik üzrə Ekspertlərin görüşü Dəqiqləşdiriləcək  
21. Meteorologiya təşkilatların İƏT üzv ölkələrinin başçılarının 3-cü görüşü Dəqiqləşdiriləcək  
22. ASEAN-İƏT Nazirlər görüşü Dəqiqləşdiriləcək  
23. İƏT-ə üzv ölkələrinin faydalı qazıntılar üzrə ekspertlər qrupunun 5-ci qrup iclası Dəqiqləşdiriləcək  
24. İƏT Sənaye mülkiyyəti hüquqları üzrə
2-ci əlaqələndirmə komitəsinin görüşü
Dəqiqləşdiriləcək  
25. ECOSA toxum və toxum texnologiyaları sərgisi Dəqiqləşdiriləcək  
26. İƏT-in üzv ölkələrinin narkotiklər üzrə əlaqələndirici məmurlarının növbəti iclası Dəqiqləşdiriləcək  
27. İƏT-in üzv ölkələrində fəlakət risklərinin idarə edilməsi üzrə 7-ci konfrans Dəqiqləşdiriləcək  
28. İƏT üzv ölkələrinin biznes forumu Dəqiqləşdiriləcək  

Keçirilmiş tədbirlərə dair ətraflı məlumatı İƏT Katibliyinin internet səhifəsindən əldə etmək mümkündür: www.ecosecretariat.org 

Son yenilənmə tarixi: 16.09.2013