2012-ci ildə Azərbaycan Respublikasının beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığına dair arayış
Dövlət başçısının müvafiq göstərişlərinə uyğun olaraq XİN 2012-ci ildə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin genişləndirilməsi, dərinləşdirilməsi və optimallaşdırılması üzrə fəaliyyətini davam etdirmişdir. Ölkənin öz sosial-iqtisadi inkişafının yeni - bütün sahələrdə müasirləşmə mərhələsinə qədəm qoyması bu fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirən amildir. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, Azərbaycan şirkətlərinin xarici ölkələrə sərmayə yatırımlarının dəstəklənməsi, ən yeni, yüksək texnologiyalar əsasında fəaliyyət göstərən şirkətlərin ölkəmizə cəlb edilməsi, dünyada gedən iqtisadi inteqrasiya və qloballaşma proseslərindən ölkəmizin maksimum faydalanması və əksinə, bu proseslərin yaratdığı bəzi mənfi nəticələrin ölkəmizə təsirinin minimuma endirilməsi, beynəlxalq iqtisadi təşkilatlarda iştirakın yaratdığı imkanlardan istifadə edilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılmışdır.     
 
Qlobal iqtisadi təşkilatlarla və bu təşkilatlar çərçivəsində əməkdaşlıq ölkəmizin dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyası, regionda və bütünlükdə dünyada mövcud olan imkanlardan bəhrələnmə və qlobal çağırışların cavablandırılması işinə ölkəmizin öz töhfəsini verməsi baxımından mühüm əhəmiyyət kəsb edir.   
 
2012-ci ildə Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması istiqamətində danışıqlar davam etdirilmişdir. Mart ayında Azərbaycanın üzvlüyü prosesi çərçivəsində Azərbaycan və Qırğızıstan Respublikaları arasında ikitərəfli danışıqların yekunlaşdırılması ilə bağlı protokol imzalanmışdır.
 
2012-ci il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası yaradılmışdır. Qeyd edilən Depozitariya Kitabxanasının məqsədi, üzv ölkələrə əqli mülkiyyət, o cümlədən ÜƏMT-nin fəaliyyətləri və xidmətləri barədə məlumatların yayılmasını təmin etməkdir.
 
AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyanın Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi üzv qismində qoşulmasına nail olunmuşdur.
 
Dünyanın iki əsas internet mübadilə nöqtələri (internet exchange point) olan Honq-Konq və Frankfurt arasında ən qısa tranzit marşrutunun yaradılmasını nəzərdə tutan “Transmilli Avrasiya Super İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi məqsədilə AR Hökuməti tərəfindən BMT Baş Assambleyasında (BA) müvafiq qətnamə layihəsi irəli sürülmüş və 29 ölkənin həm-müəllif kimi qoşulduğu qətnamə 2012-ci ilin 21 dekabr  2012-ci il tarixində yekdilliklə qəbul edilmişdir.
 
2012-ci ildə ölkəmiz 7-ci İnternet İdarəçilik Forumuna ev sahibliyi etmişdir. Tədbirin sonunda Bakı Bəyannaməsi qəbul edilmişdir. 
 
2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması ilə əlaqədar Avropanın Enerji Komissarı G.Ottinger tərəfindən TANAP layihəsinə bir daha dəstək ifadə edilmişdir.
 
2012-ci ilin noyabr ayında Brüsseldə ARDNŞ nümayəndəliyinin açılışı təşkil edilmişdir. Açılış mərasimində Xarici işlər nazirinin müavini A. Əzimov iştirak etmişdir.
 
Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında 2012-ci il ərzində əhəmiyyətli irimiqyaslı tədbirlər ilə birlikdə həmçinin Aİ-nin yüksək səviyyəli nümayəndələrinin səfərləri həyata keçirilmişdir. Bundan əlavə sektoral əməkdaşlıq xüsusi əhəmiyyət kəsb etmiş, enerji, nəqliyyat, insanların hərəkəti, Aİ proqramlarında iştirak məsələləri üzrə səmərəli danışıqlar baş tutmuşdur.
 
Hesabat dövrü ərzində Bakıda AVRONEST Parlament Assambleyasının 2-ci iclası keçirilmiş,  iclasda Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin parlamentlərinin, o cümlədən Avropa Parlamentinin 100-dən çox nümayəndəsi iştirak etmişdir. Tədbir çərçivəsində parlamentlərarası əməkdaşlıq, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadi əməkdaşlıq kimi məsələlər üzrə mövqelər səsləndirilmişdir.
 
2012-ci ilin 4-5 iyul tarixində Aİ-nin Hökumət və Ölkə Başçıları Şurasının Prezidenti Herman Van Rompuy Azərbaycana rəsmi səfərə gəlmişdir. AR Prezidenti cənab İlham Əliyev və Aİ Şurası Prezidenti H.V.Rompuy arasında keçirilmiş görüşdə iqtisadi inkişaf və əməkdaşlıq, Azərbaycanda aparılan siyasi və iqtisadi sahədə islahatlar, demokratikləşmə prosesi müzakirə edilməklə yanaşı, regional vəziyyət və təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında fikir mübadiləsi aparılmışdır.
 
Şərq Tərəfdaşlığının ikitərəfli komponenti olan Hərtərəfli İnstitusional Quruculuq proqramı çərçivəsində mövcud hər üç qrupda (“İqtisadi və ticari əlaqələrə dair” birinci qrup, “Ədliyyə və daxili işlər məsələləri və insan hüquqlarına dair” ikinci qrup, “Kadr və institusional potensial məsələlərinə dair” üçüncü qrup) üzrə institusional islahat planları razılaşdırılmış, ikinci və üçüncü qruplar üzrə planların icrasına başlanılmışdır.
 
Aİ proqramlarında iştirak üçün tərəflər arasında imzalanması nəzərdə tutulan protokol layihəsinə Azərbaycan tərəfi razılığını vermişdir. 
 
Yolların bərpası və yaxşılaşdırılması layihəsi üçün 3,4 mln. avro məbləğində texniki yardımın ayrılmasına dair Qonşuluq İnvestisiya Fondunun idarə heyəti tərəfindən qərar qəbul edilmişdir.
 
Readmissiya və viza sadələşdirilməsi üzrə danışıqlar prosesi uğurla davam etdirilmiş, müzakirələrdə əksər məsələlər öz həllini tapmışdır.
 
2012-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaradılmasının 20 illiyi ilə əlaqədar 26 iyun tarixində İstanbulda Təşkilatın 20-ci Zirvə Görüşü təşkil olunmuşdur. Toplantıda Prezident İ.Əliyev iştirak etmiş, Təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycan üçün önəmli olduğunu vurğulayaraq, bu istiqamətdə olan çətinliklər və qarşıda duran məqsədləri açıqlamışlar və irəliləyiş üçün konkret təkliflərini irəli sürmüşdür. 
 
QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin Baş Katibi Viktor Tvirkun 25-27 noyabr tarixində Azərbaycana səfər etmişdir. Bakıda olduğu müddətdə Baş Katib Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Xarici İşlər Naziri, Mədəniyyət və Turizm Naziri, Gənclər və İdman Naziri ilə görüşlər keçirmişdir. Görüşlərdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunmuş və Təşkilatın fəaliyyətinin gücləndirilməsinə dair Azərbaycan tərəfi yeni təkliflər irəli sürmüşdür. 
 
26-28 noyabr tarixində Bakıda QDİƏT-in Parlament Assambleyasının növbəti - 40-cı plenar sessiyası keçirilmişdir. Tədbirdə Təşkilatın üzv-dövlətlərinin Parlamentlərinin təmsilçiləri və QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin Baş Katibi iştirak etmişlər. Sessiya çərçivəsində 27 noyabr tarixində təşkil olunmuş, region dövlətlərindən olan qeyri-hökumət təşkilatlarının toplantısının nəticəsi olaraq QDİƏT üzv-dövlətlərini təmsil edən QHT Forumunun yaradılması barədə qərar qəbul edilmiş və müvafiq yekun deklarasiya iştirakçılar tərəfindən imzalanmışdır. 
 
2012-ci il ərzində ATƏT-in Bakı Ofisinin yeni başçısı və iqtisadi və ətraf mühit sektorunun rəhbəri ilə XİN-də görüşlər keçirilmiş, Azərbaycanın sözügedən qurumla müvafiq istiqamətlər üzrə mövcud əlaqələri müzakirə edilərək onların genişləndirilməsi imkanları müzakirə edilmişdir. 
 
ATƏT-in iqtisadi və ətraf mühit ölçüsü çərçivəsində 2012-ci il ərzində təşkil olunmuş, “Yaxşı idarəçilik vasitəsilə təhlükəsizlik və sabitliyin təşviq edilməsi” mövzusundakı 20-ci İqtisadi və Ətraf Mühit Forumu və həmin toplantıya iki hazırlıq görüşlərində Azərbaycan, o cümlədən XİN nümayəndələri iştirak etmiş, yaxşı idarəçiliyin tətbiq və təmin edilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verərək əldə edilmiş təcrübə ilə bölüşmüşlər. 
 
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində ən əlamətdar hadisə 16 oktyabr 2012-ci il tarixində keçirilmiş İƏT Zirvə Toplantısı və 15 oktyabr tarixində İƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası olmuşdur. Bakı şəhərində keçirilmiş bu iclaslar təşkilatın 1992-ci ildə genişlənməsinin, yeni üzvlərin qoşulmasının 20-ci ildönümünə təsadüf etmişdir. Eyni zamanda, 15 oktyabr tarixindən İƏT-də Sədrlik Azərbaycan tərəfinə keçmişdir. Tədbirlərin yüksək səviyyədə təşkili və əlaqələndirilməsi məsələləri XİN tərəfindən səmərəli aparılmışdır. Zirvə toplantısında Bakı bəyannaməsi qəbul edilmiş və sənədə AR tərəfinin təkidi ilə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd salınmışdır. 
 
Digər mühüm bir amil ondan ibarətdir ki, 2012-ci il avqust tarixindən İƏT-in Baş Katibi vəzifəsinə Azərbaycanın nümayəndəsi Səfir Şamil Ələsgərov təyin edilmiş və Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası zamanı həmin təyinat Şura tərəfindən təsdiqlənmişdir.
 
İl ərzində Respublikamız İƏT çərçivəsində müxtəlif sahələr üzrə bir sıra tədbirlərin keçirilməsinin təşəbbüskarı kimi çıxış etmiş və Bakıda bir neçə toplantı təşkil edilmişdir. Bu tədbirlərdən İƏT üzv ölkələrinin Ticarətin Təşviqi Təşkilatlarının rəhbərlərinin 2-ci iclasını, İqtisadi tədqiqatlar üzrə İƏT-in daimi rəhbər komitəsinin 2-ci iclasını və İƏT İqtisadi jurnalının redaksiya heyətinin 1-ci iclasını qeyd etmək olar. 
 
2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iqtisadi ölçüsü çərçivəsində fəaliyyət davam etdirilmişdir.  8-11oktyabr tarixlərində İstanbul şəhərində İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 28-ci iclası keçirilmiş və tədbirdə AR İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak etmişlər. 15-17 noyabr tarixlərində Cibutidə İƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilmişdir. Şura tərəfindən iqtisadi sahədə qəbul edilməsi nəzərdə tutulmuş qətnamə layihələri üzrə məsələlər barəsində mövqeyin formalaşdırılmasında ölkəmizin aidiyyəti qurumları ilə əlaqələndirmə işi XİN tərəfindən həyata keçirilmişdir. 
 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) bir təşkilat kimi formalaşması prosesi 2012-ci ildə də davam etmişdir. Təşkilat çərçivəsində yaradılmış işçi qruplarının fəaliyyəti XİN tərəfindən əlaqələndirilmişdir. 
 
İl ərzində Respublikamız TDƏŞ çərçivəsində müxtəlif sahələr üzrə bir sıra tədbirlərin keçirilməsinin təşəbbüskarı kimi çıxış etmişdir. Belə ki, 14 avqust tarixində Bakıda TDƏŞ-in üzv ölkələrinin İqtisadiyyat Nazirlərinin 2-ci iclası, 4-5 oktyabr tarixində isə Naxçıvan şəhərində TDƏŞ-in Gömrük orqanlarının rəhbərlərinin toplantısı keçirilmişdir. 13-14 avqust tarixində iqtisadiyyat üzrə işçi qruplarının iclasları da Bakıda təşkil olunmuşdur.
 
İkitərəfli iqtisadi əməkdaşlıq sahəsində qeyri-neft sektoru üzrə əməkdaşlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçilən tədbirlər xüsusi diqqət mərkəzində olmuşdur. İl ərzində XİN-in birbaşa iştirakı ilə ölkəmizin müxtəlif dövlət orqanlarının və işgüzar dairələrinin təmsilçilərindən ibarət nümayəndə heyətlərinin xarici ölkələrə, xarici nümayəndə heyətlərinin Respublikamıza çoxsaylı səfərlər təşkil edilmiş, biznes-forumlar və iqtisadi xarakterli digər tədbirlər keçirilmişdir. Belə tədbirlər ölkəmizlə digər ölkələr arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişafına xidmət etməklə Azərbaycan Respublikasında istehsal olunan məhsulların yeni-yeni xarici bazarlara çıxarılmasının, Azərbaycan şirkətlərinin xarici ölkələrə sərmayə yatırımlarının dəstəklənməsinin, eyni zamanda yüksək texnologiyaların ölkəmizə gətirilməsinin təşviqi üçün şərait yaradır. Bu istiqamətdə keçirilən tədbirlər sırasından Fransadakı Səfirliyimizin dəstəyi ilə cari ilin oktyabr ayında Azərbaycanda ilk dəfə Gəncə şəhərində təşkil olunmuş beynəlxalq şərab festivalını və Avstriyada keçirilmiş Azərbaycan şərab gecəsini xüsusilə qeyd etmək lazımdır. Ölkəmizin dünyada tanıdılması, investisiya imkanlarının nümayiş etdirilməsi, regionların inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu tədbirlərin uğurla həyata keçirilməsi, burada müxtəlif ölkələri təmsil edən mütəxəssislərin, işgüzar dairələrin təmsilçilərinin və dövlət nümayəndələrinin iştirakının təmin edilməsi üçün zəruri işlər görülmüş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və xaricdəki diplomatik nümayəndəliklərimizlə əlaqələndirmə işləri həyata keçirilmişdir.
 
İl ərzində mütəmadi qaydada Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasına, o cümlədən ixracın diversifikasiyası ilə bağlı müvafiq Tədbirlər planlarına əsasən Xarici İşlər Nazirliyinə həvalə olunmuş işlərin icrası ilə bağlı bir sıra işlər görülmüş və bu istiqamətdə Səfirliklərimiz təlimatlandırılmışdır. Belə tədbirlərdən Azərbaycanın iqtisadi və ixrac potensialı, investisiya mühiti ilə bağlı məlumatların yayılması sahəsində görülmüş işləri xüsusilə vurğulamaq lazımdır. Bunun nəticəsi olaraq Almaniyadakı Səfirliyimizin dəstəyi ilə Azərbaycan biznes mühitinə dair hərtərəfli məlumatları əks etdirən alman dilində nəşr edilmiş “Business Guide Aserbaidschan” adlı kitabça xüsusi önəm daşıyır və nəşrin digər alman dilli ölkələrdə də  yayılması tərəfimizdən təşviq edilmişdir. Eyni zamanda, Azərbaycan Marketinq cəmiyyəti tərəfindən hər il ingilis dilində  buraxılan Azərbaycan İxrac kataloqunun ərəb, rus, fransız və alman dillərində nəşr edilməsi təmin edilmiş və yerləşdiyi ölkələrdə yayılması üçün Səfirliklərimizə göndərilmişdir. Azərbaycanda İxracın və İnvestisiyaların  Təşviqi fondu tərəfindən nəşr olunan Potensial İnvestisiya layihələri ilə bağlı kitabça maraqlı dairələr arasında yayılması bütün diplomatik nümayəndəliklərimizə göndərilmişdir.
 
Eyni zamanda, ölkəmizdə müasir dövlət quruculuğu istiqamətində aparılan işlərdə beynəlxalq təcrübənin əhəmiyyətini nəzərə alaraq, aidiyyəti dövlət qurumlarının bu istiqamətdəki  ehtiyacları öyrənilmiş, qeyd edilən sahələrdə öncül təcrübəyə malik ölkələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi təmin edilmiş və Azərbaycanlı nümayəndə heyətlərinin həmin ölkələrə təlim səfərləri təşkil edilmişdir. Belə səfərlərə bariz nümunə kimi mənzil-kommunal təsərrüfat sahəsində AR İİN-ın əməkdaşlarının Litvaya və su resurslarının idarə edilməsi ilə bağlı müvafiq dövlət qurumlarının nümayəndələrinin İtaliyaya səfərinin təşkilini misal göstərmək olar.  
 
 
Son yenilənmə tarixi: 02.05.2013