Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsi məsələsi.

 Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsi məsələsi


a. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasındakı bütün diplomatik missiyaların əməkdaşlarını ölkədə qəbul olunmuş yol hərəkəti qaydalarına riayət etməyə və nəqliyyat vasitələrini onlar üçün xüsusi ayrılmış, müvafiq qaydada işarələnmiş yerlərdə parklamağa çağırır.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, videokamera və radar qurğuları tərəfindən diplomatik nümayəndəliklərə və ya onların əməkdaşlarına məxsus nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarını pozması və yaxud parklama yerinə riayyət etməməsi kimi hallar qeydiyyata alındığı təqdirdə, onlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati xətalara görə cərimələrin ödənilməsinə cəlb oluna bilər. Diplomatik nümayəndəliklərin immunitet və imtiyazlara malik əməkdaşlarının inzibati xətalara görə cərimələrin ödənilməsindən azad olunması prosedurası yalnız qarşılıqlı prinsiplər əsasında həyata keçirilir.

Qarşılıqlı prinsiplər əsasında cərimələrin ödənilməsindən azad olunma prosedurası  Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin immunitet və imtiyazlara malik olmayan əməkdaşlarına şamil olunmur.

b. Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin immunitet və imtiyazlara malik əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edildiyinə kifayət qədər əsas olduğu təqdirdə, həmin şəxslər nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılır və onlara tibbi müayinədən keçmək təklif olunur. Nəqliyyat vasitəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsi təqdim olunduğu təqdirdə aid olduğu diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsinə təhvil verilir.

Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına məxsus nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin sənədləşdirilmə prosesi zamanı həmin prosesdə iştirak etmək məqsədilə nəqliyyat vasitəsinin aid olduğu diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsi dəvət olunur. Diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsi məhz Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərəfindən verilmiş akkreditə vəsiqəsini təqdim etdiyi təqdirdə yol-nəqliyyat hadisəsinin sənədləşdirilmə prosesində iştirak edə bilər.

c. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən bütün nəqliyyat vasitələrinin texniki vəziyyəti yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.

Yol hərətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ildə bir dəfə texniki baxış keçirilir. Bu qayda, istisnasız olaraq Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin və ya onların əməkdaşlarının bütün nəqliyyat vasitələrinə də aiddir.

Diplomatik nümayəndəliklərə və ya onların əməkdaşlarına məxsus nəqliyyat vasitələri texniki baxışdan keçirildiyi zaman, 1961-ci il “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına” uyğun olaraq onlardan yol vergisi tutulmur.  Diplomatik nümayəndəliklər tərəfindən məhz avtonəqliyyat vasitələrinə texniki baxış ilə əlaqədar xidmətin göstərildiyinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsum ödənilməlidir. 
Diplomatik nümayəndəliklərə və ya onların əməkdaşlarına məxsus nəqliyyat vasitələri texniki baxışdan keçirildiyi zaman başlıca texniki tələblərə uyğun gəldiyi təqdirdə, həmin nəqliyyat vasitələrinə müvafiq texniki baxış talonu və stiker verilir. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır.

İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur.