Xarici dövlətlərin təhlükəsizlik xidmətləri əməkdaşlarının Azərbaycan Respublikası ərazisinə müvəqqəti silahın gətirmələri və gəzdirmələrinə dair qaydalar.

 Xarici dövlətlərin təhlükəsizlik xidmətləri əməkdaşlarının Azərbaycan Respublikası ərazisinə müvəqqəti silahın gətirmələri və gəzdirmələrinə dair

        Q A Y D A L A R

Xarici dövlətlərin təhlükəsizlik xidmətləri əməkdaşlarının xidməti silahlarını və xüsusi müdafiə vasitələrini Azərbaycan Respublikası ərazisinə gətirmələri üçün icazə (lisenziya) qarşılıqlı razılaşma əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin vasitəsilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən aşağıdakı qaydalar əsasında verilir.

1) Xarici ölkələrin Xarici İşlər Nazirlikləri (səfirlik, beynəlxalq təşkilat) tərəfindən rəsmi nota ən azı üç iş günü öncə (şənbə, bazar və Azərbaycan Respublikasının rəsmi bayram günləri istisna olaraq) Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərilməlidir və notada aşağıdakı məlumatlar mütləq göstərilməlidir.

- mühafizə əməkdaşının adı və soyadı;
- mühafizə əməkdaşının pasport nömrəsi, verilmə tarixi və qan qrupu;
- silahın miqdarı, nömrəsi, növü və kalibri;
- mərmilərin və sursatın miqdarı;
- rabitə vasitələrinin növü, miqdarı, istifadə olunan və ehtiyat radio tezlikləri;
- gəliş və gediş haqqında tam məlumat;

2) Xidməti silahın və xüsusi müdafiə vasitələrinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi və gəzdirilməsi üçün müvafiq icazə (lisenziya) mühafizə əməkdaşının müşayiət etdiyi qorunan şəxsin Azərbaycan Respublikasında səfərdə olduğu müddətə verilir;

3) Azərbaycan Respublikası ərazisinə gətirilən silah və xüsusi müdafiə vasitələri sərhəd keçid məntəqəsində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən yoxlanılır və notada göstərilən məlumatlarla eynilik təşkil etdiyi təqdirdə icazə (lisenziya) verilir;

4) Qeyd olunan icazə (lisenziya) qorunan şəxs ölkəni tərk edən zaman sərhəd keçid məntəqəsində Xüsusi Dövlət Mühafizə Xidmətinə təhvil verilir;

5) Ön işçi qrupu üzvlərinə Azərbaycan Respublikasına silah gətirməyə və ölkə ərazisində gəzdirilməsinə icazə verilmir;

6) Xidməti silahların və xüsusi müdafiə vasitələri Azərbaycan Respublikası ərazisinə gətirməyə və gəzdirməyə icazə verilmiş xarici dövlətlərin təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın Azərbaycan Respublikası ərazisində tətbiqi və istifadəsi «Polis haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aşağıdakı qaydada həyata keçirilir;

- odlu silah işlədilməklə insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;
- odlu silah işlədilməklə qiyam və kütləvi iğtişaşlar baş verdikdə;
- odlu silah işlədilməklə girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;
- odlu silah işlədilməklə yaşayış binalarına, müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə;
- insan həyatına qəsd olunduqda və məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə;
-  şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə;
-  insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda;
-  odlu silahın digər şəxs tərəfindən ələ keçməsinin qarşısı alındıqda;
-  insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə.

 Təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağırıldıqda odlu silahdan istifadə edilə bilər. 
 Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu silahdan mexaniki nəqliyyat vasitələrindən təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər).
 Odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşağı olan, əlilliyi və digər fiziki və psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda tətbiq edilə bilməz.