İnsan alverinə qarşı mübarizə

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilatı xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prinsiplərinə əsaslanır.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Milli Fəaliyyət Planının insan alverinə qarşı mübarizədə müəyyən etdiyi əsas tədbirlər qanunvericilik bazasının təkmilləşdirilməsi, Milli Əlaqələndiricinin təyin edilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərkibində İnsan alverinə qarşı xüsusi polis qurumunun yaradılmasından və insan alveri cinayəti qurbanları və ehtimal olunan qurbanların müdafiəsinin təmin edilməsindən ibarət olmuşdur. Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə beynəlxalq təcrübədən istifadə edilməsini, bu sahədə fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutur.

Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin Milli Əlaqələndirici tərəfindən əlaqələndirilməsi məqsədilə qurumlararası İşçi Qrupu yaradılmışdır. Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Milli Əlaqələndirici təyin edilmiş və DİN-də İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır.

İnsan alverinə qarşı mübarizə sahəsində bir sıra mühüm normativ aktları qəbul edilmişdir:

·  İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu (28.06.05);· Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarı (09.11.05);

·  Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İnsan alveri qurbanlarına kömək fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Qərarı (12.01.06);

·  Azərbaycan Respublikası DİN-nin əmri ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaq haqqında Nizamnamə" (17.02.06);

· Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Qərarı (06.03.06);

·   Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş “İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə və insan alverinin potensial qurbanlarına” xidmət edən “Qaynar xətt”in Nizamnaməsi”;

·   Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı (11.08.09);

·   Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi haqqında Qərarı (03.09.09).

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayətkarlığın bu növü ilə mübarizəni nizamlayan müvafiq maddələr nəzərdə tutulmuş, cinayətin potensial hədəfi ola bilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. İnsan alveri əməlinin cinayət kimi tanınması üçün 30 sentyabr 2005-ci il tarixində AR Cinayət Məcəlləsinə 141-1 (İnsan alveri), 144-2 (Məcburi əmək) və 316-1 (insan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları yayma) maddələri əlavə edilmişdir.

Milli Fəaliyyət Panına uyğun olaraq, insan alveri cinayətlərinin qarşısının alınması və onunla mübarizə məqsədilə “Qaynar xətt” xidməti (tel: 152) istifadəyə verilmişdir.

Eyni zamanda insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün xüsusi müəssisə yaradılmış və 2006-cı ilin oktyabrında istifadəyə verilmişdir. Sığınacaqda nəinki insan alveri qurbanı olmuş şəxslər, hətta ehtimal olunan və potensial qurbanlar da yerləşdirilir. Təhlükəsiz sığınacaqda insan alveri qurbanlarına təmənnasız tibbi, psixoloji, hüquqi və digər yardımlar göstərilir, birdəfəlik müavinətlər verilir. Sığınacaqda yerləşdirilmiş şəxs daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində 2009-cu ilin martında təsis edilmiş İnsan alveri qurbanlarına yardım mərkəzinə ötürülür. Həmin Mərkəzdə qurbanların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud təşkilatı və hüquqi prosedurlar haqqında izahatlar verilir, onlara tibbi, psixoloji və digər zəruri yardım göstərilir, habelə bu şəxslərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına kömək göstərilir.

Ötən illər ərzində insan alveri ilə mübarizə sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə beynəlxalq təşkilatlar (Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT) və Azərbaycanda akkreditə olunmuş səfirliklərin dəstəyi ilə seminarlar və təlimlər təşkil olunmuşdur.

2008-ci ilin sonunda ilk Milli Fəaliyyət Planının icrası başa çatdırılmış, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə növbəti Milli Fəaliyyət Planı (2009-2013-cü illər) təsdiq edilmişdir.

2009-cu ildə qəbul edilmiş Milli İstiqamətləndirmə Mexanizminin əsas məqsədi qurbanların hüquqlarının qorunması və onların aidiyyəti qurumlara təhvil verilməsi, təhlükəsizliyini, repatriasiyasını təmin edəcək səmərəli sistemin yaradılmasıdır. “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın məqsədi isə qurbanların daha asan aşkarlanması və hüquqlarının təmin edilməsi üzrə təxirəsalınmaz tədbirlərin görülməsindən, həmçinin aidiyyəti olan qurumların insan alverindən zərərçəkmişləri  müəyyənləşdirməklə bağlı zəruri biliklərə yiyələnmələrini təmin etməkdən ibarətdir.

Bu növ cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasının vacibliyi nəzərə alınmaqla ABŞ, Avstriya, Bolqarıstan, Latviya, Rumıniya, Çin, Misir və s. ölkələrin müvafiq qurumları, eləcə də BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, İnterpol ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran və Türkiyə ilə mütəşəkkil cinayətkarlıqla mübarizədə hüquqi yardıma dair ikitərəfli sazişlər bağlanılmışdır. Digər ölkələr ilə də bu sahədə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası 2000-ci il dekabrın 12-də BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokolu imzalamışdır. Həmin Protokol Azərbaycana münasibətdə 2003-cü ildə qüvvəyə minmişdir.

Həmçinin, İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyası ölkəmiz tərəfindən 25 fevral 2010-cu il tarixində imzalanmış və 11 may 2010-cu il tarixində ratifikasiya edilmişdir.

XİN-in insan alverinə qarşı mübarizə sahəsində fəaliyyətinin əsas istiqamətləri Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən insan alveri qurbanlarının Azərbaycana qayıtması üçün yardım göstərilməsi, onların qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlərlə təmin edilməsi, digər ölkələrin insan alverinə qarşı mübarizə aparan orqanları ilə əməkdaşlığının təkmilləşdirilməsi, xaricdə yaşayan və ya qalan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq konsul yardımlarının göstərilməsi, onların insan alveri təhlükəsi barədə məlumatlandırılması və s. ibarət olmuşdur.

 

Son yenilənmə tarixi: 26.02.2013


DİPLOMATİYA ALƏMİ JURNALİ