Qaçqınlar və məcburi köçkünlər

 

Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin vəziyyəti, sosial təminatı və mövcud problemləri  haqqında 

MƏLUMAT 


XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olmuşdur. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş,  ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnmişdir.

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.

Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Ahıska (məshəti) türkü də Azərbaycanda sığınacaq tapmışdır.

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq məcburi köçkün düşmüş və  respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində  müvəqqəti məskunlaşmışdır. İlkin vaxtlarda məcburi köçkünlərin böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalarda və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının milyonu keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyasının 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” qətnamə (A/RES/48/114) qəbul etmişdir.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı, qətnamələrdə münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə yanaşı qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması məsələsi də öz əksini tapmışdır.

BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində 2008-ci ildə gündəliyin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi üzrə qəbul edilmiş qətnamədə işğal olunmuş ərazilərdən köçkün düşmüş insanların öz evlərinə qayıtmaq hüququ bir daha təsdiq olunmuşdur.

İslam Konfransı Təşkilatının xarici işlər nazirlərinin konfransları və dövlət və hökumət başçılarının zirvə görüşlərində qəbul edilən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə də münaqişə nəticəsində qaçqın və məcburi köşkün düşmüş insanların öz evlərinə qayıtmasının vacibliyi vurğulanır.

Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnamədə Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsinin Ermənistan qüvvələri və separatçı qüvvələr tərəfindən işğalından narahatlıq qeyd olunmuş və məcburi köçkünlərin öz evlərinə şərəf və ləyaqətlə qayıtmaq hüququ təsdiq olunmuşdur.

Avropa Parlamenti tərəfindən 2010-cu ildə qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiyasına ehtiyac” adlı qətnaməsində də yüz minlərlə qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq hüququnun reallaşmasına imkan verilməməsindən narahatlıq ifadə olunmuş və bu hüququn beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə tez bir zamanda yerinə yetirilməsi tələb olunmuşdur. 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdir.

2007-ci ildə Azərbaycan Hökuməti Dövlət Neft Fondunun vəsaiti hesabına ölkədə olan sonuncu çadır düşərgəsinin (ümumilikdə 12 düşərgə) ləğv edilməsinə nail olmuşdur. Bundan əlavə, həyata keçirilmiş sosial tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son illərdə 74 faizdən 15 faizədək azalmışdır.

Ümumiyyətlə, 2001-2014-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,8 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə salınmış, 46 min ailə 230 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 

Bütün qeyd olunan irəliləyişlərin əldə edilməsi Azərbaycan Hökumətinə heç də asan başa gəlməmiş və məcburi köçkünlərin problemləri tam olaraq həll olunmamışdır. Məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün əlverişsiz olan köhnə tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyacı var. Buna səbəb, ölkəmizdəki problemin çox geniş miqyaslı olmasıdır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. 1 milyona yaxın qaçqın və məcburi köçkünə 20 ildən çox bir müddətdə qayğı göstərmək həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə və kompleks surətdə həlli üçün yalnız bir yol vardır ki, o da Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Ermənistan tərəfinin mübahisəli hesab etdiyi Dağlıq Qarabağın  statusu məsələsinin həllində razılığın olmaması və bu dövlətin əsassız iddiaları bu qədər insanın öz torpaqlarına qayıtmaq, orada öz evlərinə sahib çıxmaq, yaşamaq, öz müqəddəs yerlərini, əcdadlarının qəbirlərini ziyarət etmək  və s. bu kimi elementar hüquqlarının uzun illər ərzində pozulması üçün əsas olmamalıdır. Bütün məcburi köçkünlər tezliklə öz daimi yaşayış yerlərinə qayıtmalıdırlar. Azərbaycanlı məcburi köçkünlər təkcə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlara deyil, eyni zamanda, məhz Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağın azərbaycanlı icmasının təhlükəsizlik və sülh şəraitində Dağlıq Qarabağa qayıtması və bölgənin erməni icması ilə normal şəraitdə əməkdaşlıq etməsi gələcəkdə regionun statusu məsələsinin həlli üçün ən mühüm qarantiyadır. Əks təqdirdə, Dağlıq Qarabağda mono-etnik vəziyyətin formalaşdırılması nəticəsində bu regionun statusu məsələsi heç vaxt həll olunmayacaqdır.

Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bir sıra beynəlxalq təşkilatla, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq edir. BMTQAK Azərbaycanda 1992-ci ilin dekabrından fəaliyyət göstərir. Ötən illər ərzində təşkilat məcburi köçkünlərə əsasən, sığınacaq, su-sanitariya, gəlir əldəetmə, heyvandarlıq, səhiyyə və s. layihələr üzrə yardım göstərən beynəlxalq və yerli humanitar təşkilatları maliyyələşdirmiş və onların fəaliyyətini əlaqələndirmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş 2011-ci ildə Azərbaycanda uzanmış məcburi köçkün vəziyyətinə BMTQAK-ın yenidən diqqət ayırmasının göstəricisi olaraq  ölkəmizə səfər etmişdir.

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının 2012-ci ilin aprel-may aylarında Nyu-Yorkda keçirilmiş sessiyası zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir. 2012-ci il oktyabrın 1-5-də BMTQAK-ın  İcraiyyə Komitəsinin Cenevrədə keçirilmiş 63-cü sessiyasında Azərbaycan Komitənin üzvü qismində iştirak etmişdir. Dünyada məcburi köçkünlərin sayının qaçqınların sayından çox olmasına baxmayaraq, indiyədək məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq məcburedici qüvvəyə malik sənədin olmamasını nəzərə alaraq, Azərbaycan belə bir sənədin hazırlanması təklifi ilə çıxış etmişdir.   

2012-ci il aprel ayının 30-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT Baş Katibinə “Azərbaycanlı məcburi köçkünlərin beynəlxalq hüquqları və Ermənistan Respublikasının məsuliyyəti” adlı hesabat təqdim edilmiş və hesabatda məcburi köçkünlərin beynəlxalq  səviyyədə qəbul edilmiş insan hüquqlarının Ermənistan tərəfindən pozulması hüquqi cəhətdən əsaslandırılmışdır. 

2012-ci il mayın 11-12-də Türkmənistanın Aşqabad şəhərində İslam Əməkdaşlığı təşkilatının “Müsəlman dünyasında qaçqınlar” adlı nazirlər konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfi  Xarici İşlər Nazirliyi da daxil olmaqla müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət heyətlə təmsil olunmuş, konfransın yekun sənədi olan bəyannaməyə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsi olaraq yaranmış bir milyon qaçqın və məcburi köçkünün öz torpaqlarına qayıtmaq hüququnu dəstəkləyən bənd daxil edilmişdir.

BMT-nin İnsan Hüquqları Şurasının Məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani 2014-cü il mayın 18-24-də Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində o bir çox ölkə rəsmiləri ilə görüşlər keçirmiş, Ağdam rayonuna helikopterlə səfər etmiş, rayon ərazisində fin tipli və yeni salınmış qəsəbələrdə (Dördyol), Quzanlı qəsəbəsi yaxınlığında ferma binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuş, yeni məktəb binasında müəllim və şagirdlərlə görüşmüşdür. Bundan başqa o, Bakı şəhəri, Binəqədi rayonunda və Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxana və yeni yaşayış komplekslərinə də baş çəkmişdir. Səfərin yekunu olaraq xüsusi məruzəçi tərəfindən ölkəmizdə məcburi köçkünlərin vəziyyətinə dair hesabat hazırlanaraq BMT-nin İnsan Hüquqları Şurasına və BMT Baş Assambleyasına təqdim edilmişdir. Xüsusi məruzəçi həmçinin səfər zamanı bildirmişdir ki, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun reallaşdırılması məsələsini beynəlxalq ictimaiyyətin qarşısında qaldıracaqdır. Bundan sonra o, 2014-cü il mayın 30-da BMT Təhlükəsizlik Şurasında Avstraliya və Çilinin təşəbbüsü ilə keçirilmiş “Məcburi köçkünlərin müdafiəsi: çağırışlar və Təhlükəsizlik Şurasının rolu” mövzusunda iclasda çıxış edərək Azərbaycana etdiyi səfərə istinad etmiş və Təhlükəsizlik Şurasını münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırmışdır.

Bununla yanaşı , 2015-ci ilin 15 iyun-3 iyul tarixlərində BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 29-cu sessiyası keçirilmişdir və sözügedən sessiyada İHŞ-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyaninin 2014-cü ildə ölkəmizə səfərinin yekunları ilə bağlı hazırladığı hesabat müzakirə edilmişdir.

 


Son yenilənmə tarixi: 10.02.2016

DİPLOMATİYA ALƏMİ JURNALİ