Seçkilər

Milli qanunvericilik

Azad və demokratik seçkilərin keçirilməsi və belə seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Bu baxımdan Azərbaycan Respublikasında ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mühüm qanunvericilik özülü formalaşmışdır.

Seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə, aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanmış və müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirən, cəmiyyətin geniş dairələrinin də müzakirəsinə cəlb edildiyi Seçki Məcəlləsi mövcuddur. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil edilmişdir. 

Seçki Məcəlləsi ölkədə Prezident, Parlament və bələdiyyə seçkilərinin, eləcə də referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Eyni zamanda, Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının və seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Bu sahədə əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazis yaradaraq, namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır.

Son Prezident və parlament seçkiləri

2013-cü il oktyabrın 9-da Azərbaycanda Prezident seçkiləri keçirilmişdir. Seçkilərdən öncə XİN tərəfindən müəyyən tədbirlər keçirilmiş, beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlıq gücləndirilmiş və birgə tədbirlərin keçirilməsi sahəsində fəaliyyət aparılmışdır.

Seçkilərdə 10 namizəd iştirak etmişdir. Ölkədə seçki məntəqələrinin sayı 5492 olmuş, Azərbaycanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində 37 seçki məntəqəsi yaradılmışdır. 53 000 yerli müşahidəçi və Azərbaycan hökuməti və parlamenti tərəfindən dəvət olunan və 100 ölkəni, ATƏT, Avropa Şurası Parlament Assasmbleyası (AŞPA), Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) və s. təşkilatları və müxtəlif QHT-ləri təmsil edən 1300 beynəlxalq müşahidəçi də seçkiləri müşahidə etmişdir.

Seçkilər qanunvericiliyə tamamilə uyğun keçmiş və seçicilərin fəallığı ilə müşahidə edilmişdir. Qeydə alınmış 5 145 000 seçicidən 72.31 faizi seçkilərdə iştirak etmişdir.

 

AŞPA və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf keçdiyi və seçki prosedurlarının seçki ərəfəsində və seçki günü peşəkar və dinc şəkildə həyata keçirildiyi qeyd olunmuşdur. ATƏT-in Parlament Assambleyası (ATƏT PA) və ATƏT/DTİHB müşahidə missiyanın məlumatında isə Mərkəzi Seçki Komissiyasının seçki üçün texniki hazırlığı effektiv gördüyü vurğulanmışdır. MDB seçki müşahidə missiyası seçkilərin demokratik, obyektiv və legitim olduğunu bildirmişdir. İƏT müşahidə missiyası da seçkiləri uğurlu, azad və ədalətli kimi qiymətləndirmişdir.

2015-ci il noyabrın 1-də Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir. Seçkilərdə ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olmuşdur (5 milyon 198 min 658 seçicinin seçkidə 2 milyon 897 min 188-i iştirak etmişdir). Bu rəqəm ötən parlament seçkilərindən təxminən 6 faizə qədər çoxdur.

Beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakının təmin edilməsi məqsədilə Milli Məclis və Xarici İşlər Nazirliyi tərəfindən AŞPA, MDB Icraiyyə Komitəsi və MDB Parlament Assambleyası, İƏT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA), GUAM-ın Parlament Assambleyası, QDİƏT Parlament Assambleyası, eləcə də ATƏT/DTİHB və ATƏT-in Parlament Assambleyasına müvafiq dəvət məktubları göndərilmişdir.

Ümumilikdə, parlament seçkiləri 503 beynəlxalq və 66 min yerli müşahidəçilər tərəfindən izlənilmişdir.

AŞPA tərəfindən seçkilərin müşahidəsi ilə bağlı verilmiş mətbuat açıqlamasında parlament seçkilərinin bütün ölkə üzrə sakit, dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyi bildirilmişdir. Açıqlamada seçkilərə hazırlığın və seçki prosesinin peşəkarcasına və texniki baxımdan yaxşı təşkil edildiyi, yerli KİV-də seçki gününün geniş əhatə olunduğu və seçki məntəqələrinin 20%-dən çoxunda veb-kameraların quraşdırlmasının təqdirəlayiq inkişaf olduğu vurğulanmışdır. Həmçinin, seçici fəallığının əhəmiyyətli dərəcədə artmasının və səsvermə və səslərin hesablanması prosedurlarının şəffaflığının Azərbaycan Respublikası tərəfindən ədalətli və demokratik seçkilər sahəsində atılan daha bir addımı nümayiş etdirdiyi və səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etdiyi qeyd olunmuşdur.

Bundan əlavə, MDB, İƏT, TDƏŞ, TürkPA, GUAM-ın Parlament Assambleyası və QDİƏT Parlament Assambleyası mətbuat açıqlamalarında parlament seçkilərinin şəffaf və demokratik şəkildə keçirildiyini qeyd etmişlər.

ATƏT/DTİHB-ə müvafiq dəvət məktubunun göndərilməsinə və qurum tərəfindən seçkiləri müşahidə etməyə razılıq verilərək 2015-ci ilin 12-14 avqust tarixlərində Ehtiyacların Qiymətləndirilməsi Missiyasının ölkəmizə göndərilməsinə və səfərin yekunlarına əsasən qiymətləndirmə hesabatının hazırlanmasına baxmayaraq, 2015-ci il sentyabrın 11-də ATƏT/DTİHB Azərbaycanda 1 noyabr parlament seçkilərinə seçki müşahidə missiyası göndərməmək barədə birtərəfli qərar qəbul etdiyini bildirmişdir. ATƏT/DTİHB-in müşahidə missiyasının ləğvindən sonra ATƏT PA 2015-ci il sentyabrın 23-də ATƏT/DTİHB-in seçkiləri müşahidə etməmək qərarını dəyişmədiyi təqdirdə ATƏT PA-nın da sözügedən seçkiləri müşahidə etməyəcəyini bildirmişdir.

Beynəlxalq əməkdaşlıq

Azərbaycan hökuməti ölkədə demokratik və Avropa standartlarına cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və daim bu əməkdaşlığın davam etdirilməsinə hazırdır. Azərbaycan hökuməti seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatların MSK və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir.

2015-ci il aprelin 7-10-da ATƏT/DTİHB-in Direktoru Mixael Link şəxsi müşaviri Y.Haukass ilə birgə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində o, Milli Məclis, Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və İnsan hüquqları üzrə Müvəkkilin Aparatında görüşlər keçirmişdir. Bundan əlavə, M.Linkin məcburi köçkünlərin yaşadığı məntəqələrə səfəri təşkil edilmişdir. Əsasən seçkilər mövzusunun müzakirə edildiyi bu görüşlər zamanı həmçinin qaçqın və məcburi köçkünlər və Azərbaycanın dini tolerantlıq nümunəsi kimi məsələlər də müzakirə edilmişdir.

 

Son yenilənmə tarixi: 11.12.2015

DİPLOMATİYA ALƏMİ JURNALİ