Azərbaycan və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)

 
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiyada sülh, təhlükəsizlik və stabilliyin təşviqi istiqamətində əməkdaşlığın gücləndirilməsi üzrə çoxtərəfli forumdur. Üzv dövlətlər BMT Nizamnaməsinə sadiqliklərini təsdiqləyərək, Asiyada sülh və təhlükəsizliyin dialoq və əməkdaşlıq yolu ilə əldə edilməsi məqsədilə bir araya gəlmişlər.
 
AQEM öz siyasətini suveren bərabərlik, üzv dövlətlərin daxili işlərinə qarışmamaq, dövlətlərin ərazi bütövlüyü, münaqişələrin sülh yolu ilə həlli, silahlara nəzarət prinsipləri üzərində qurmuşdur. Təsisat çərçivəsində bütün qərarlar konsensus yolu ilə qəbul edilir. Hazırda AQEM-in Asiyanın 90 faiz ərazi və əhalisini əhatə edən 26 üzvü (Azərbaycan, Əfqanıstan, Bəhreyn, Banqladeş, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Qatar, Koreya Respublikası, Rusiya, Tacikistan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Özbəkistan, Vyetnam) var. 8 ölkə (Belarus, İndoneziya, Yaponiya, Malayziya, Filippin, Şri-Lanka, Ukrayna, ABŞ) və 4 beynəlxalq təşkilat (BMT, ATƏT, Ərəb Dövlətləri Liqası, Türkdilli Dövlətlərin Parlament Assambleyası) AQEM yanında müşahidəçi statusa malikdir. Təsisatın ali qanunverici orqanı AQEM Dövlət və Hökumət Başçılarının Görüşüdür. Təsisat çərçivəsində dörd ildən bir zirvə görüşləri, iki ildən bir isə xarici işlər nazirlərinin görüşləri keçirilir.
 
Azərbaycan qlobal təhlükəsizliyin ayrılmaz hissəsi olan AQEM-lə əməkdaşlığa böyük önəm verir. Regional əməkdaşlığını inkişafında əsaslı təcrübəyə malik Azərbaycan AQEM üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirir. Ölkəmiz sülh və stabilliyi təhlükə altına alan və dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq mühitində yaxşı gələcəyin qurulmasına xələl gətirən məsələlərin təsisat çərçivəsində müzakirəsinin davam etdirilməsinə xüsusi önəm verir.
 
Azərbaycan AQEM çərçivəsində keçirilən dövlət və hökumət başçılarının görüşü, xarici işlər nazirlərinin görüşü, yüksək vəzifəli məmurların görüşü və xüsusi işçi qruplarının görüşlərində mütəmadi olaraq iştirak edir.


Rəsmi internet səhifəsi  www.s-cica.org