Azərbaycan və İstanbul prosesi
İstanbul Prosesi 2011-ci ilin 2 noyabr tarixində İstanbul şəhərində keçirilmiş Nazirlər Konfransında Türkiyənin təşəbbüsü ilə yaradılmışdır. Bu Proses “Asiyanın ürəyi” (“Heart of Asia”) adlanan bölgənin dövlətləri üçün Əfqanıstan və onun qonşuları arasında təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə edilməsi üçün əlverişli platforma təşkil edir. İstanbul Prosesi Əfqanıstanda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə vermək məqsədini daşıyır.
 
Hazırda, Azərbaycan da daxil olmaqla, “Asiyanın ürəyi” regionuna aid olan 14 ölkə (Azərbaycan, Əfqanıstan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri) bu prosesin tamhüquqlu iştirakçısıdır. Bundan əlavə, Avstraliya İttifaqı, Kanada, Danimarka, Misir, Finlandiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Norveç, İspaniya, İsveç, Birləşmiş Krallıq, Iraq, ABŞ, BMT, İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası, Avropa İttifaqı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ağa Xan İnkişaf Şəbəkəsi, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı kimi dövlət və beynəlxalq təşkilatlar İstanbul prosesində dəstəkləyici rolunda çıxış edirlər.
 
Azərbaycan 2012-ci ildən etibarən İstanbul Prosesində fəal rol oynayır. Bu proses çərçivəsində Azərbaycan siyasi məsləhətləşmələrə və praktiki əməkdaşlığa töhfə verir. Bu məqsədlə Azərbaycanın İstanbul Prosesi çərçivəsində narkotiklərə qarşı mübarizə və regional infrastruktur etimad quruculuğu tədbirləri üzrə işçi qruplarında müvafiq olaraq Rusiya Federasiyası və Türkmənistan ilə birlikdə həmsədrlik edir.
 
2013-cü ilin 25 yanvar və 2015-ci ilin 29 aprel tarixlərində Azərbaycan İstanbul Prosesinin iştirakçı dövlətlərini, həmçinin dəstəkləyici dövlətlər və təşkilatları bir araya gətirərək Narkotik vasitələrə qarşı mübarizə üzrə Etimad Quruculuğu Tədbirləri üzrə görüşlərə ev sahibliyi etmişdir.
 
2013-cü ilin 6 fevral və 2017-ci ilin 17 mart tarixlərində Azərbaycan İstanbul Prosesinin yüksək vəzifəli şəxslərinin görüşlərinə ev sahibliyi etmişdir.
 
Azərbaycan tərəfi İstanbul Prosesinin 14 iyun 2012-ci il tarixində Kabildə keçirilən ikinci, 26 aprel 2013-cü il tarixində Almatıda keçirilən üçüncü, 31 oktyabr 2014-cü il tarixində Pekində keçirilən dördüncü, 9 dekabr 2015-ci il tarixində İslamabadda keçirilən beşinci və 4 dekabr 2016-cı il tarixində Amritsarda keçirilən altıncı nazirlər görüşlərində iştirak etmişdir. 
 
Azərbaycan 2017-ci il ərzində İstanbul Prosesinə Əfqanıstanla birlikdə həmsədrlik edir.
 

Rəsmi internet səhifəsi www.hoa.gov.af