2018-06-08
No:146/18, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər naziri Ousainou Darboenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Ölkəmizdə olmasından məmnunluğunu bildirən qambiyalı nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd etdi.
Tərəflər Azərbaycan və Qambiya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə etdilər. BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin sıx əməkdaşlıq etdiyini bildirən nazirlər ikitərəfli əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Habelə, nazirlər turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu bildirdilər və bu xüsusda qambiyalı tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almaları və ixtisaslarının artırılması imkanlarını müzakirə etdilər.

Nazir Elmar Məmmədyarov ADA Universiteti haqqında danışaraq Azərbaycan tərəfindən İƏT və Qoşulmama Hərəkatı üzv dövlətlərindən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrılması barədə məlumat verdi.

Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verən nazir Elmar Məmmədyarov Qambiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini bildirdi.

Qambiyalı nazir ölkəsi tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əsasda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qanunsuz işğalı ilə bağlı qəti dəstəyin göstərildiyini diqqətə çatdırdı.





növbəti xəbər əvvəlki xəbər