2017-11-10
No:321/17, Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı cənab Smail Şərqi ilə görüşüb
Görüş zamanı Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusu qismində təşkilatla əlaqələrinin genişlənməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin mübadiləsi ilə əlaqədar məmnunluq ifadə olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman Afrika qitəsində sülh və təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirdiyini nəzərə çatdırdı. O həmçinin, Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələrindən danışdı.

Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Afrika dövlətləri ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyən Nazir Məmmədyarov qitə dövlətləri ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığı kontekstində siyasi, iqtisadi, humanitar, elm-təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.

Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı cənab Smail Şərqi səfərin Afrika İttifaqı ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirdi.

Görüş əsnasında Afrika İttifaqı ilə Azərbaycan arasında dialoq və məsləhətləşmələrin davam etdirilməsi, nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulandı.

  
  
növbəti xəbər əvvəlki xəbər